Avqustun 14-də Azərbaycan prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfər edib.
Oxu.Az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı İsmayıllıda şəhərində yeni avtovağzalın açılışında iştirak edib
Prezident İlham Əliyev avtovağzalın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılmış şəraitlə tanış olub.
Azərbaycanda həyata keçirilən siyasətin əsas hədəflərindən biri də ölkəmizin hər yerində yol-nəqliyyat sisteminin müasirləşdirilməsidir. Bu sırada yeni yaradılan avtovağzalların da xüsusi əhəmiyyəti vardır. Avtovağzalların yaradılması həm də bölgələrin inkişafına töhfə verir. Müasir səviyyədə inşa edilən bu nəqliyyat obyektlərinin sırasına daha biri əlavə olunub. İsmayıllı şəhərində tikilən yeni avtovağzal da ən müasir tələblər səviyyəsindədir.
Məlumat verilib ki, avtovağzalın tikintisinə 2013-cü ilin martında başlanılıb. Ümumi ərazisi 0,26 hektar, tikinti ərazisi isə 282 kvadratmetr olan avtovağzalda sərnişinlərin rahatlığını təmin etmək üçün 48 nəfərlik 4 perron inşa edilib.
Perronlarda hərəkət cədvəlini göstərən elektron məlumat tabloları quraşdırılıb. Bundan başqa, burada ümumi sahəsi 137 kvadratmetr olan gözləmə zalı, ictimai-iaşə obyekti, həkim otağı yaradılıb. Avtovağzalın həyətində avtobuslara texniki xidmətin göstərilməsi üçün açıq bokslar inşa edilib.
Bildirilib ki, avtovağzal Bakı şəhərinə, Şamaxı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına gedən sərnişinlərə xidmət göstərəcək. Avtovağzalın istifadəyə verilməsi ilə 22 nəfər işlə təmin olunub.
Dövlətimizin başçısı əhaliyə xidmət göstərəcək yeni taksilərə və avtobuslara baxıb.
Prezident İlham Əliyev avtovağzalda yaradılmış şəraiti yüksək qiymətləndirib.
Sonra İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak edib
Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə və videofilmə baxıb.
Məlumat verilib ki, son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin miqyası artıb. Bu gün respublika əhəmiyyətli yollarla bərabər, rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Yeni inşa olunan belə yollardan biri də İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yoludur. Yol ən müasir səviyyədə qısa müddətdə inşa olunub.
Bu yolun tikintisi üçün Azərbaycan prezidentinin 2012-ci il 16 mart tarixli sərəncamına əsasən Prezidentin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılıb. İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolu 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılıb. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır.
Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilib, 18 yerdə beton suötürücülər tikilib, yolboyu yol-hərəkət nişanları quraşdırılıb. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilib, kəndlərdə 10 yeni dayanacaq tikilib. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınıb. Bu yolun istifadəyə verilməsi nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkət etməsinə geniş imkanlar yaratmaqla yanaşı, həm də sərnişinlərin təhlükəsizliyi baxımından olduqca önəmlidir.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Dövlətimizin başçısı yeni yolda avtomobili idarə edib.
Prezident İlham Əliyev həmçinin İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına məlumat verib ki, “İsmayıllı-1” Su Elektrik Stansiyası alternativ enerji mənbələrindən səmərəli istifadə edilməsi proqramı çərçivəsində inşa olunan obyektlərdən biridir. Kiçik su elektrik stansiyalarının tikintisi elektrik enerjisinin istehsalında yanacağa qənaət etməklə yanaşı, həm də ətraf mühitə heç bir zərər yetirmir.
Prezident İlham Əliyevə stansiyanın inşası, fəaliyyəti və layihənin əsas komponentləri barədə də məlumat verilib. Bildirilib ki, stansiyanın tikintisinə 2011-ci ildə başlanılıb. Əsas və köməkçi avadanlığın təchizatı, eləcə də bütün tikinti-quraşdırma işləri “Azenco” şirkəti tərəfindən həyata keçirilib. Stansiyanın tikintisində 100 nəfər çalışıb. Tikinti işləri zamanı burada suqəbuledici quraşdırılıb, hər birinin uzunluğu 2115 metr, diametri isə 800 millimetr olan üç boru çəkilib, stansiya binası inşa edilib.
Stansiyanın binasının foyesində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Azərbaycanda energetika sahəsinin inkişafına göstərdikləri diqqəti, həmçinin bu sferanın müasirləşdirilməsi istiqamətində həyata keçirdikləri layihələri əks etdirən fotolardan ibarət stend yaradılıb. Binada nəzarət, mühafizə və idarəetmə sistemləri quraşdırılıb.
Prezident İlham Əliyev idarəetmə mərkəzindən stansiyanı işə salıb.
Diqqətə çatdırılıb ki, bu stansiyanın ümumi layihə gücü 1600 kilovat olan üç hidroturbin və üç hidrogeneratordan ibarətdir. Burada 10 və 0,4 kilovoltluq yarımstansiya və elektrik ötürücü xətlər çəkilib. Stansiyanın aşağı byefindən çıxan təmizlənmiş su tikilməkdə olan “İsmayıllı-2” Su Elektrik Stansiyasına daxil olacaq.
Beləliklə, yekunda İsmayıllı Su Elektrik Stansiyası ümumi gücü 3200 kilovat olan kiçik su elektrik stansiyaları silsiləsini təşkil edəcək. Bu layihə olduqca səmərəli və əhəmiyyətlidir. Belə ki, İsmayıllı rayonunun Sumağallı kəndi yaxınlığında inşa edilən derivasiya tipli su elektrik stansiyası ildə 8 milyon kilovat-saat ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal etmək imkanına malikdir. Su elektrik stansiyasında 12 nəfər daimi işlə təmin ediləcək. Stansiyanın ərazisində abadlıq-quruculuq işləri görülüb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Azərbaycan prezidenti yaradılmış şəraitdən razılığını bildirib, tapşırıqlarını verib.