İki ölkə arasında işsiz şəxslərin əmək bazarına çıxışını asanlaşdırmaq üçün proqramların hazırlanması, peşə reabilitasiyası, məzunların əmək bazarına inteqrasiyası, əməyin mühafizəsi, işəgötürənlər və işçilər arasında mübahisələrin həlli və s. sahələrdə də əməkdaşlıq üçün imkanlar mövcuddur.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov ilə görüşü zamanı iranlı həmkarı Əli Rəbii bildirib.
O, əlilliyi olan şəxslərin reabilitasiyası, onların bərpa-müalicəsi, kimsəsiz şəxslərin sosial rifahının dəstəklənməsi, sosial xidmətlər, əmək bazarı siyasətinin inkişaf etdirilməsi və digər sahələrdə əməkdaşlığın məqsədəmüvafiq ola biləcəyini bildirib.
Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bildirib ki, nazirlik beynəlxalq təcrübənin öyrənilməsində maraqlıdır:
“Nazirlik bütün bu işlərdə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə, beynəlxalq qurumlar və ayrı-ayrı ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm verir. Hesab edirik ki, müvafiq fəaliyyət sahələrində İranla əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, təcrübə və məlumat mübadilələri hər iki tərəf üçün önəmlidir və bununla əlaqədar ƏƏSMN tərəfindən bütün səylər göstəriləcəkdir”.
Qeyd edək ki, tədbirdə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, bu ölkənin İslami Şura Məclisinin üzvləri, millət vəkilləri Salar Muradi, Əli Mərdani və başqaları da iştirak edib.