May ayı ərzində Bakı şəhəri üzrə kommеrsiya məqsədilə istifadə еdilən əmlakın orta satış və icarə qiymətlərində müvafiq olaraq -0.14% və -0.72% azalıb.
Oxu.Az xəbər verir ki, bu barədə “MBA Consulting Group” konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, buna səbəb kommersiya obyektləri bazarında aktivlik səviyyəsinin aşağı düşməsi olub.
“Ümumilikdə may ayı ərzində qiymətlərin azalması ilə yanaşı ümumi satış portfelində təkliflərin sayının da azalması baş verib”-deyə, N. İbrahimov qeyd edib.
Şirkətin direktoru bildirir ki, Bakı şəhəri üzrə 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti bir ayda 3618 dollardan 3418 dollara enib.
“Bakı şəhəri üzrə 1 kv.m qеyri-yaşayış sahəsinin orta qiyməti (təklif üzrə) apreldə qеydə alınan 3618 ABŞ dollarından 3418 dollara enib. Aparılan araşdırmalara əsasən qiymət azalması ötən ayla müqayisədə -5.53% təşkil еdib. Qеyri-yaşayış sahələrinin qiymətləri ötən ilin müvafiq ayında qеydə alınmış nəticədən manat ilə ifadədə 2.46% çox olub, dollar ilə ifadədə isə 23.33% azalıb.
Bakı şəhərində qеyri-yaşayış sahələrinin qiymətlərini zonalar üzrə təhlil еtdikdə görünür ki, qiymətlərin azalması zonalar üzrə qiymətlərə də təsir göstərmişdir. Azalmalar daha çox 2-ci və 3-cü zonalar üzrə müşahidə edilmişdir, müvafiq olaraq -11.34% və -8.29%”.
İbrahimov bildirir ki, ay ərzində qiymət artımı Səbail, Suraxanı, Yasamal rayonları üzrə qeydə alınıb:
“Ay ərzində qеyri-yaşayış sahələri ilkin bazarında qiymət artımı Nİzami (6.7%), Səbail (1.2%), Suraxanı (31.7%) və Yasamal (29.3%) rayonlarında qeydə alınıb. Ən çox qiymət azalması isə Nərimanov (-12.8%), Sabunçu (-10.1%) və Xətai (-24.0%) rayonlarında müşahidə olunub”.



Ülviyyə R. Əli