Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2016-cı ilin maliyyə hesabatını açıqlayıb.
Oxu.Az-ın məlumatına görə, “Report” hesabata istinadən xəbər verir ki, bu il yanvarın 1-nə Palatanın aktivləri 8 mln. 987 min manat təşkil edib.
Bunun 62,7%-i və yaxud 5 mln. 635 min manatı uzunmüddətli aktivlər, 37,3%-i və yaxud 3 mln. 352 min manatı qısamüddətli aktivlərdir.
Ötən ilin sonuna Palatanın cəmi kapitalı 8 mln. 352 min manat, cəmi öhdəlikləri isə 635 min manatdır. Öhdəliklərin hamısı qısamüddətlidir.
2016-cı ildə MBNP-nın əsas əməliyyat gəliri 2 mln. 222 min manat, o cümlədən sabit ödənişləri 1 mln. 465 min manat, yığımları 755 min manat, sair gəlirləri 2 min manat, əsas əməliyyat xərci isə 4 mln. 536 min manat təşkil edib. Son nəticədə qurumun xalis əməliyyat zərəri 2 mln. 314 min manat olub.
Palata maliyyə xərclərinə 14 min manat yönəldib və ötən ili 2 mln. 328 min manat xalis zərərlə başa vurub. Xatırladaq ki, MBNP ölkə prezidentinin 3 fevral 2016-cı il tarixli sərəncamı ilə yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 5 mln. manatdır.
U.A.
www.oxu.az