"Dələduzluq halları ilə mübarizə getdikcə çətin hal almağa başlayır".
Oxu.Az xəbər verir ki, bunu "FinCrime" və "NatSec Solutions" üzrə aparıcı məlumat mütəxəssisi Matteo Neri bu gün Bakıda keçirilən Fintex Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, "Global Scam Alliance" adlı qurumun ötənilki hesabatına əsasən, dünyada fırıldaqçılıq nəticəsində itirilmiş ümumi vəsaitin məbləği bir trilyon dollar təşkil edir:
"Bu rəqəm dünya ÜDM-in, təxminən, 1%-nə bərabərdir. Ancaq bu qədər böyük rəqəmdən daha çox təəccübləndirici olan, onun arxasındakı səbəblərdir.
İtkilərin iki əsas səbəbi var:
1. Milli maliyyə sektoru getdikcə daha çox sabitliyini itirir. Sürətli ödəniş sistemləri çox geniş yayılıb və bu, fırıldaqçıların işini asanlaşdırır.
2. Süni intellekt (AI).
Fırıldaqçılıq təkcə daha sürətli deyil, həm də daha "ağıllı" və mürəkkəb şəkildə həyata keçirilir.
Bir maraqlı nümunə deyim. Finlandiyada bir tənzimləyici ilə söhbət edərkən öyrəndik ki, əvvəllər orada fırıldaqçılıq ciddi problem deyildi. Çünki fin dili çox çətin dildir və ingiliscədən tərcümə olunmuş saxta mesajları asanlıqla tanımaq olurdu. Amma LLM texnologiyaları (böyük dil modelləri) ortaya çıxandan sonra, tərcümələr çox təbii görünməyə başladı və bu da fırıldaqçılığın artmasına səbəb oldu.
Yəni problem ondadır ki, bu hallarla mübarizə aparmaq getdikcə çətinləşir. Ənənəvi olaraq, fırıldaqçılığa qarşı reaksiya bankların və maliyyə institutlarının daxilində baş verir. Onlar yalnız öz məlumatlarını görürlər, digərləri ilə məlumat paylaşmaq isə çox çətindir.
Mütəxəssis vurğulayıb ki, çox vaxt fırıldaqçılıq hallarında məsuliyyət zərərçəkmiş istehlakçının üzərinə düşür:
"Bu isə həm də etimadı azaldır. Nəticədə sistemin özü zərər görür, bu da "pis dövran" yaradır".
O həll yollarından bəhs edib:
"Biz milli fırıldaqçılığa qarşı mərkəzlərin yaradılmasını müdafiə edirik. Bu mərkəzlərdə elə bir infrastruktur sistemi olmalıdır ki, fırıldaqçılıq hallarını real vaxtda izləyə bilsin, banklar və ödəniş platformaları arasında məlumat mübadiləsi təmin etsin. Habelə həm fırıldaqçılığın qarşısını alsın, həm də hadisə baş verdikdə pulun geri qaytarılmasını və ya dondurulmasını mümkün qədər tez həyata keçirsin.
Bu iki istiqamət - profilaktika və bərpa - bir-birini tamamlamalıdır.
Bizim ilk uğurlu nümunəmiz Malayziyada olub. Orada milli "anti-scam mərkəzi" yaradıldı. Bu mərkəz bütün bank və maliyyə institutlarını məlumat paylaşmağa - yəni fırıldaqçılıqla bağlı etiketləri (labels) bölüşməyə məcbur etdi.
Amma problem bundadır ki, fırıldaqçılıq çox sürətlə baş verir. Buna görə də məlumat mübadiləsi və reaksiya da real vaxtda və avtomatlaşdırılmış şəkildə olmalıdır".
O bildirib ki, fırıldaqçılıqla mübarizədə məqsəd dondurulan vəsaitlərin həcmini artırmaq və prosesi açıq və izlənilə bilən şəkildə həyata keçirməkdir:
"Biz "portal" və ya "infrastruktur" dedikdə, əslində bir neçə əsas komponentdən danışırıq.
Bunlar regional səviyyədə qurulmuş və bir-birini tamamlayan sistemlərdir:
1. Hadisə idarəetmə modulu (case management): Bu, müxtəlif maliyyə qurumları arasında fırıldaqçılıqla bağlı məlumatların paylaşılmasını təmin edir və hadisəni əvvəldən sonadək izləməyə imkan verir.
2. İzləmə və monitorinq komponenti: Bu sistem vəsaitlərin hərəkətini real vaxt rejimində izləyir, mərhələlər üzrə harada və necə hərəkət etdiyini göstərir və hansı tədbirlərin görüldüyü barədə siqnallar ötürür.
3. Məlumat paylaşma sistemi: Bu, hər bir maliyyə qurumuna müəyyən bir iş üzrə mövcud məlumatların (məsələn, əvvəlki kreditlər, yeni hesablar, yeni ödənişlər və s.) harada olduğunu göstərir.
Burada bir vacib məqam da var: Məlumatların mərkəzləşdirilməsi sürəti artırır, amma riskləri də yüksəldir.
Çünki bütün şəxsi məlumatlar bir yerdə toplansa, bu, təhlükəsizlik və məxfilik baxımından problem yarada bilər.
Ona görə də sistem tam mərkəzləşdirilmiş deyil. Məlumatlar "xəritə" prinsipi ilə, yəni məlumatlara birbaşa deyil, hadisə səviyyəsində çıxış təmin edən formada işlənir.
Bu sistemdə şəxsi məlumatlar birbaşa paylaşılmır. Məsələn, bir maliyyə qurumu müəyyən bir şəxslə bağlı məlumatın olub-olmadığını öyrənə bilər, amma o məlumatın detallarını yalnız təsdiqləndikdən sonra görə bilər.
Bizim infrastrukturda bir digər vacib element də var - risk göstərici sistemi (scoring system).
Bu, maliyyə qurumlarının daxilindəki kredit sistemlərinə tamamlayıcı rol oynayır.
Scoring sistemi ödəmə zəncirindəki davranış nümunələrinə əsaslanaraq potensial fırıldaqçılıq halları barədə xəbərdarlıq verir.
Burada şəxsi və ya məxfi məlumatlardan istifadə edilmir, yalnız ödəmə axınları və şəbəkə səviyyəsindəki nümunələr təhlil olunur. Sistemdə həmçinin tənzimləyici orqanlar üçün statistik monitorinq platforması da var. Bu, onlara fırıldaqçılıqla bağlı ümumi tendensiyaları və cavab tədbirlərini izləməyə imkan verir. Misal üçün bu sistemin ilk real tətbiqi Malayziyada həyata keçirilib.
Hazırda oradakı nəticələr üzərində işləyirik. Malayziyada sistemin tətbiqi göstərdi ki, bu yanaşma xərci az, lakin effektiv koordinasiya tələb edən bir modeldir.
Proses belə işləyir: Fırıldaqçılıq hadisəsi barədə məlumat daxil olur. Maliyyə qurumu həmin hadisəni təsdiqləyir və qeydiyyata alır. Sistem real vaxtda bu ödənişin ödəmə zəncirindəki hərəkətini izləyir və onunla əlaqəli bütün hesabları vizuallaşdırır.
Müvafiq məlumatlar avtomatik şəkildə digər iştirakçı banklara və qurumlara ötürülür ki, onlar da araşdırmada iştirak etsinlər. Bu, yeni hesabların aşkarlanmasına, digər istintaqlara kömək edən məlumatların toplanmasına və fırıldaqçılıq modellərinin real vaxtda yenilənməsinə şərait yaradır.
Nəticədə sistem yalnız bir hadisəni həll etmir, eyni zamanda gələcəkdəki halların profilaktikasına və modellərin təkmilləşdirilməsinə də xidmət edir".
Aygün Mirakif