2015-ci ilin may ayında Türkiyə Azərbaycandan 548 milyon kub metr təbii qaz alıb. Bununla Azərbaycan Türkiyəyə qaz ixracatında bu ilin aprel ayında olduğu kimi ikinci yeri tutub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji bazarı Üzrə Tənzimləmə Təşkilatının son yaydığı hesabatda bildirilib.
Hesabata görə, may ayında ən çox qaz idxalatı 1 milyard 831 milyon kub metr Rusiyadan edilib. Bununla Rusiya ay ərzində bu ölkəyə qaz ixracatında birinci yeri tutub.
İran isə bu sırada 472 milyon kub metrlə üçüncü olub.
Qeyd edək ki, ümumilikdə may ayında Türkiyə 3 milyard 332 milyon kub metr qaz idxal edib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 14,14% azdır.
Ay ərzində türklər cəmi 52 milyon kub metr təbii qaz ixrac edib. Bu ölkədən yeganə ixrac isə Yunanıstana olub.
Bundan başqa, təbii qazın ən çox istehlak edildiyi şəhər 428 milyon kub metrlə İstanbul olub. 392 milyon kub metr İzmir və 367 milyon kub metr isə Kocaeli əhalisi qaz istehlak edib.
Ülviyyə R. Əli
www.oxu.az