"Beynəlxalq Valyuta Fondunun (BVF) oktyabr hesabatına görə, qlobal iqtisadi artımın 2025-ci ildə 3.2%, 2026-cı ildə isə 3.1% olacağı proqnozlaşdırılıb".
Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
AMB sədri bildirib ki, yeni qlobal reallıqların formalaşdığı şəraitdə 2025-ci ilin 10 ayında ölkə iqtisadiyyatında artım davam edib:
"Bu dövrdə iqtisadi artımın əsas mənbəyi qeyri-neft-qaz sektoru olub. 2025-ci ilin yanvar-oktyabr aylarında ümumi daxili məhsul real ifadədə 1.3%, o cümlədən qeyri-neft-qaz sektorunda 3.1% artıb. Qeyri-neft-qaz sektorunda artım əsasən informasiya və rabitə, turizm və tikinti sahələrinin artımından irəli gəlib. Mərkəzi Bankın iqtisadi artımla bağlı proqnozları nikbindir. Oktyabrda yenilənmiş proqnozlarımıza görə ümumi ÜDM 2025-ci ildə 2.2%, 2026-cı ildə isə 2% artacaqdır. Qeyri-neft-qaz ÜDM 2025-ci ildə 3.7%, 2026-cı ildə isə 4.4% artacaq.
2025-ci ilin 10 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 2.4 milyard. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Xatırladaq ki, 2025-ci ilin 6 ayı üzrə cari əməliyyatlar hesabının profisiti 2.3 milyard. ABŞ dolları və ya ÜDM-in 6.3%-ni təşkil edib. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən cari əməliyyatlar hesabının profisiti 2025-ci il üzrə 3.7 milyard. ABŞ dolları və ya ÜDM-in 4.8%-i səviyyəsində olacaq".
Sədr əlavə edib ki, qeyd olunanlar makroiqtisadi sabitliyin dayanıqlığının güclənməsinə və strateji valyuta ehtiyatlarının artmasına imkan verib:
"Ölkənin strateji valyuta ehtiyatları 2025-ci ilin 10 ayında 16.2% artıb və dövrün sonuna 82.5 milyard ABŞ dolları təşkil edib. Xüsusi qeyd edək ki, bu göstərici tarixi maksimum olmaqla ölkəmizin iqtisadi gücünü və onun maliyyə dayanıqlığını əks etdirir. Mərkəzi Bankın valyuta ehtiyatları oktyabr ayının sonuna 11.4 milyard. ABŞ dollarına bərabər olub ki, bu da son 3 il üzrə 45.7% artım deməkdir. Hazırda ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət edir".
Məhərrəm Əliyev