“Mətanət A” şirkətinin rəhbərliyi mediada bu qurum haqqında yayılan xəbərlərə münasibət açıqlayıb.
Bu barədə “Mətanət A” şirkətindən Oxu.Az-a bildirilib ki, son günlər şirkət haqqında yayılan xəbərlərlə milli sahibkarlığın inkişafına, ölkəmizin beynəlxalq imicinə, həm də Azərbaycanın ən uğurla inkişaf edən və ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən böyük işçi kollektivinin çalışdığı “Mətanət A” şirkətinin işgüzar nüfuzuna zərər vurmağa çalışırlar:
“Artıq neçənci dəfədir ki, bu cür mətbu orqanlar tanınmış şirkətin – “Mətanət A”-nın adını gündəmdə olan neqativ hadisələrlə bağlamaqla əlavə qazanc əldə etmək istəyirlər.
Şirkət son 10 ildə bu cür mətbu orqanlarda bir neçə dəfə haqsız qarayaxma xəbərləri ilə üzləşsə də, heç vaxt onlara belə xəbərlərdən qazanc əldə etməyə şərait yaratmamışdır. Nəticədə onlar bu cür qarayaxma fəaliyyətlərini davam etdirirlər və hər dəfə də şirkəti gündəmdə olan bir neqativ hadisə ilə bağlamağa çalışırlar”.
Şirkətdən bildirilir ki, əsassız məlumatlarla ictimaiyyətin yanlış yönləndirilməsi yolverilməzdir:
“Qanunvericiliyə ziddir və bununla bağlı artıq “Mətanət A” şirkəti tərəfindən lazımi hüquqi tədbirlər həyata keçirilir və onların ciddi cəzalanması üçün hüquq-mühafizə orqanlarına və müvafiq məhkəməyə müraciət prosesi artıq başlamışdır.
Bu mətbu orqanlar saxta reytinq toplamaq, şantaj yolu ilə qazanc əldə etmək məqsədilə ölkəmizin tanınmış şirkəti haqqında əsassız məlumatlar yaymaqdansa, səmərəli fəaliyyət göstərib ölkəmizin inkişafına xidmət etməlidirlər”.
Məlumatda qeyd olunur ki, informasiya texnologiyaları dövründə bu cür yanlış xəbərlər həm də region ölkələrinə doğru yayılmaqla Azərbaycan şirkətləri haqqında mənfi təəssürat yaradır, milli brendlərimizin reputasiyasına və ölkəmizin ixracat potensialına da mənfi təsir göstərir.
“Mətanət A” şirkətinin təsisçisi və rəhbəri Elxan Bəşirov 30 ilə yaxındır ki, sahibkarlıq sahəsində fəaliyyət göstərir və ölkəmizin uğurlu iş adamlarından biridir. Şirkəti sıfırdan quraraq hazırkı inkişaf səviyyəsinə çatdıran Elxan Bəşirov həmişə Ümummilli liderimiz Heydər Əliyev ideyalarına sadiq olmuş və dövlətimizin yaratdığı əlverişli şəraitdən faydalanaraq daima bütün diqqətini sahibkarlıq fəaliyyətinin inkişafına və genişlənməsinə həsr etmişdir.
Qeyd edək ki, 2000-ci ildə əsası qoyulmuş “Mətanət A” şirkəti ölkəmizdə və onun hüdüdlarından kənarda yüksək texnologiyalara və innovasiyalara əsaslanan müasir inşaat materiallarının istehsalı ilə məşğuldur.
17 ilə yaxındır ki, şirkət istehlakçıları yüksək keyfiyyətli inşaat məhsullarla ilə təmin edir və təkcə Azərbaycanda deyil, regionun bir çox ölkələrində də milli Azərbaycan brendinin tanınmasına nail olmuş, öz fəaliyyəti ilə ölkəmizin beynəlxalq biznes məkanında iqtisadi reputasiyasının yüksəlməsinə çalışmışmışdır.
Hal-hazırda şirkət 1000-dən artıq məhsul çeşidinə malikdir və şirkətdə 800-ə yaxın işçi çalışır. Şirkət fəaliyyətində həmişə Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutmuş və məqsədyönlü fəaliyyətləri ilə ölkə iqtisadiyyatının inkişafına töhfələr verməkdədir.
Möhtərəm Prezident İlham Əliyevin yeni iqtisadi çağırışlara uyğun həyata keçirdiyi iqtisadi islahatlara dəstək məqsədilə şirkət ölkəmizdə bir neçə irihəcmli yeni istehsal sahələrinin yaradılmasını üzərinə götürmüşdür və yaxın zamanlarda bu yeni layihələr reallaşacaq, yeni iş yerləri açılacaq.