Ölkə başçısının 16.11.2016-cı il tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştli əldə etməsi Qaydası"na əsasən güzəştli mənzillərin satışına başlanmasına hazırlıq məqsədilə Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksi haqqında məlumatların ətraflı təqdim olunduğu internet səhifəsi istifadəyə verilib.
Oxu.Az xəbər verir ki, bunu MİDA-nın Aparat rəhbəri Anar Quliyev bildirib. O qeyd edib ki, sayt vasitəsilə (www.yasamal.mida.az) kompleks barədə yarana biləcək suallara cavab tapmaq mümkündür.
A.Quliyev bildirib ki, tezliklə mənzillərin satışına başlanılacaq: "Müvəkkil banklarla müqavilə imzalanıb. Yasamal Yaşayış Kompleksində tikinti sürətlə davam edir. 2018-ci ilin yayında mənzillər təhvil veriləcək.Tam təmirli, mətbəxt mebelləri ilə təmin edilmiş şəkildə satışa çıxarılacaq mənzillər qiyməti bazar qiymətlərindən 20 faiz ucuz olacaq".
O həmçinin əlavə edib ki, artıq 500-ə qədər mənzilin qabaqcadan qeydiyyat sənədi hazırdır: "Bu sənəd mənzil satılmazdan öncə alınmalıdır və o, vətəndaşa mülkiyyət hüququ verir. Yəni sabah həmin şəxs bu sənədi təqdim edib kredit də götürə bilər. Hazırda kompleksdə olan mənzillərin 500-ə qədəri üçün adıçəkilən sənəd alınıb. Artıq 7 mindən çox şəxs güzəştli şərtlərlə mənzil almaq üçün qeydiyyatdan keçib".
L.Ə.