2014-cü ilin 9 ayında dövlət büdcəsinin mədaxili operativ məlumata əsasən 101,2 faiz yerinə yetirilməklə 14 milyard 71 milyon manat təşkil edib.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, bunu oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edərək maliyyə naziri Samir Şərifov bildirib.
“Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 101,8 faiz əməl etməklə dövlət büdcəsinə 5 milyard 324 milyon manat, 2013-cü ilin eyni dövrünə nisbətən isə 394 milyon manat və yaxud 8 faiz çox mədaxil təmin edib. Dövlət Gömrük Komitəsi isə 100,1 faiz və yaxud 2013-cü ilin eyni dövrünə nisbətən 123 milyon manat, yaxud 12,2 faiz çox mədaxil təmin etmişdir. Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmalar keçən ilin eyni dövrü ilə müqayisədə 662,0 milyon manat və yaxud 17,5 faiz çox olmaqla, 4 milyard 454 milyon manat təşkil edib.
2014-cü ilin 9 ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Cari ilin 9 ayında dövlət büdcəsinin xərcləri 12 milyard 694 milyon manat və yaxud 86,0 faiz icra olunub.
Ötən dövr ərzində dövlət büdcəsi xərclərinin 24,3 faizi və ya 3 milyard 82 milyon manatı sosial təyinatlı xərclərin payına düşür ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 252,0 milyon manat və ya 8,9 faiz çoxdur.
2014-cü ilin 9 ayında dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərcləri 4 milyard 172 milyon manat təşkil edib.
Həmin vəsaitdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 1 milyard 401 milyon manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 2 milyard 184 milyon manat, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi üçün 44,0 milyon manat, müdafiə təyinatlı və digər layihələrin maliyyələşdirilməsi üçün 545,0 milyon manat vəsait yönəldilib”, - nazir bildirib.