"Azərbaycan yaşıl enerji keçidi istiqamətində mühüm addımlar atır".
Oxu.Az xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində "Azərbaycanda binaların dam örtükləri əsasında paylanmış günəş fotovoltaik potensialının xəritələşdirilməsi" adlı panel müzakirəsində deyib.
O bildirib ki, hökumət bərpa olunan yaşıl enerji sahəsinə böyük həcmdə investisiyalar yatırır:
"Gələn ilədək milli enerji şəbəkəsinə 2 giqavat gücün inteqrasiyası planlaşdırılır. Bu 2 giqavatlıq güc ildə 5 milyard kilovat-saat elektrik enerjisi istehsal edəcək, 2.4 milyon ton karbon və istixana qazı emissiyasının qarşısını alacaq, həmçinin 1.1 milyard kubmetr qazın qənaət edilməsinə imkan verəcək. Bu qaz həm ölkədaxili istifadəyə, həm də ixraca yönəldilə bilər".
Nazir müavini əlavə edib ki, Azərbaycanın çox böyük Günəş enerjisi potensialı var:
"Quruda yerləşən Günəş enerjisi potensialı 135 giqavat səviyyəsində qiymətləndirilir. Eyni zamanda, Azərbaycanın seçilmiş şəhərlərində və regionlarında damüstü günəş fotovoltaik (PV) sistemlərinin potensialının araşdırılması istiqamətində də işləməkdən məmnunuq.
Hökumət Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanı yaşıl enerji zonaları elan edib. Damüstü PV proqramları bu inkişafın vacib və ayrılmaz hissəsidir.
Bu tədqiqatın ilkin nəticələrinin çox müsbət olmasını görmək bizi sevindirir. Texniki qiymətləndirməyə əsasən, damüstü sistemlər üçün quraşdırıla bilən potensial güc təxminən 9.4 giqavat təşkil edir. İstehsal potensialı isə 11.8 giqavat həcmində təmiz enerji səviyyəsində qiymətləndirilir.
Bu istiqamətdə Dünya Bankı ilə əməkdaşlığı davam etdirməyi, tədqiqatın daha da inkişafını, bazar iştirakçılarının və potensial investorların prosesə cəlb olunmasını səbirsizliklə gözləyirik.
Hesab edirik ki, Azərbaycanın əsas şəhərlərində - Bakı, Naxçıvan, Ağdam, Cəbrayıl, Xankəndi, Şuşa, Culfa, Qubadlı və Zəngilanda damüstü PV layihələri üçün geniş biznes və investisiya imkanları mövcuddur. Bununla yanaşı, bu layihələr digər şəhərlərə də genişləndirilə bilər.
Elan edilmiş yaşıl enerji zonaları gələcəkdə xalis sıfır emissiya hədəfinə keçid üçün möhkəm əsas yaradacaq və hökumətin yaşıl enerji keçidi istiqamətində səylərini dəstəkləyəcək. Bu keçid balanslı, ədalətli və iddialı olmaqla yanaşı, özəl sektor üçün də yeni imkanlar yaradacaq".