Azərbaycanla Avropa arasında çoxşahəli strateji əməkdaşlıq əlaqələri mövcuddur. Həm iqtisadi, mən siyasi, həm də mədəni sahələrdə Avropa İttifaqı Azərbaycanın strateji tərəfdaşıdır. Bu baxımdan Bakıda Avropa-Azərbaycan investisiya konfransının keçirilməsi bizim üçün çox önəmlidir və bu, əlaqələrin genişliyinin bariz nümunəsidir.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu I Avropa-Azərbaycan İnvestisiya Konfransında iştirak edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu günə qədər Azərbaycanda Avropa ölkələrinin iştirakı ilə 70-dən artıq birgə biznes tədbirləri keçirilib. Bugünkü tədbir isə Azərbaycanın bütün Avropa ölkələri ilə birgə keçirdiyi ilk konfransdır.
Nazir müavini bildirib ki, bugünkü konfransda Azərbaycan və Avropanı təmsil edən 300-dək biznes qurumlarının nümayəndələri iştirak edir. Bu da Azərbaycan şirkətlərinin Avropa ölkələrinə, Avropa şirkətlərinin isə Azərbaycana olan marağının göstəricisidir.
“Bu gün Azərbaycanda 1 200-dən çox Avropa şirkəti qeydə alınıb. Bu, müxtəlif sahələri təmsil edən xarici şirkətlərdir və onların Azərbaycana marağının olması ölkəmizdə son illər müşahidə olunan ciddi inkişafla bağlıdır”, - deyə S.Həsənova vurğulayıb.