Neftin dünya bazar qiymətlərinə getdikcə, müxtəlif yöndə təzyiqlər artır. Məlumdur ki, artıq bir müddətdir, qiymətlər sabitləşmiş vəziyyətdədir. Buna səbəb isə keçən ilin noyabrın 30-u tarixdə OPEK üzvlərinin Vyana görüşündə hasilatı azaltmaq haqda qərarı olmuşdu.
Belə ki, təşkilata daxil olan ölkələr gündəlik hasilatı bu ilin yanvarın 1-dən etibarən 6 ay müddətinədək 1,2 milyon barel, yəni 32,5 milyon barelədək azaltmaq haqda qərar qəbul etmişdilər ki, bu da kartel üzrə 2008-ci ildən bəri ilk belə yekdil razılaşma idi. Yəni, düz nə az və nə çox – 8 ildən sonra.
Yeri gəlmişkən, təşkilatın ən nəhəng hasilatçı ölkəsi olan Səudiyyə Ərəbistanı bu zaman daha çox - sutkada hətta 486 min barel öhdəlik götürülməsinə də belə razılaşdı ki, bu da başadüşülən mövqe idi. Belə ki, Ər-Riyad neftin dünya bazar qiymətlərinin 2014-cü ilin iyun ayından sonra, nəhayət ki, sabitləşməli olmalı olduğunda daha çox maraqlı sayılırdı. Sözüm bunda deyil.
Xatırladım ki, OPEK-in sözügedən qərarına karteldən kənar ölkələr də qoşuldular ki, onlar da sutkada ümumən 600 min barel həcmində, o cümlədən Rusiya da 300 min barel civarında olmaqla hasilatı azaltmaq qərarına gəldilər.
:640.jpg)
Sözüm bundadır ki, Vyana görüşündə bu cür qərar qəbul olunmasa idi, neft bu ilin əvvəlinə 30 ABŞ dollarınadək və bəlkə də, bundan da aşağı enəsi idi. Odur ki, bazarda dərhal sabitləşmə elementləri görünməyə başladı.
Ancaq məsələ bunda idi ki, mövzuya dair açıqlamalarımızda və təhlillərimizdə də izah etdiyimiz kimi, bunda elə Amerikanın özü də maraqlı idi. Yəni, qiymətin sabitləşməsi məsələsində ABŞ özü də təsir göstərməkdə idi.
O səbəbdən ki, ABŞ-da şist sənayesi tam iflas olmuş və oturmuş vəziyyətdə sayılırdı. Üstəlik, Amerikanın mərkəzi bankı olan Federal Ehtiyatlar Sistemi (FED) də baza faiz dərəcəsini artırmağa hazırlaşırdı ki, söhbət, sözügedən qurumun 2016-cı ilin dekabr və bu ilin mart iclaslarından gedirdi. Xatırladım ki, hər ikisində faiz dərəcəsi artırıldı. Bu isə dolları bahalaşdıracağından neftin qiymətinin ucuzlaşmasına əlavə dəstək demək olacaq idi.
Odur ki, sözün qısası, OPEK-in hətta Vyanada məlum qərarı qəbul edəcəyi haqda söhbət, ortaya çıxan gündən belə, neftin 1 barelinin qiyməti 50 dolların üstünə çıxmağa başladı.
Məsələ bundadır ki, indi də başqa problem ortaya çıxmışdır.
Belə ki, ABŞ-da şist sənayesi qiymətlərin artması 4-5 ay deyil ki, dirçəlmişdir. Belə ki, sözügedən ölkədə işlək quyuların sayı az qala gündən-günə, başqa sözlə, hər həftə artmaqdadır. Artıq 11-ci həftədir ki, eyni tendensiya müşahidə edilir.
Odur ki, bazarlara artıq həcmdə neft çıxarılmaqdadır. Belə ki, bir tərəfdən OPEK və onun tərəfdaşları bazarlardan artıq neft həcmini azaltmaq yolunu tutsalar da, digər tərəfdən ABŞ-da şist hasilatının dirçəlməsi ilə əlaqədar bazara gündən-günə əlavə həcmdə neft çıxarılması yaranan kəsiri bərpa etməkdədir.

Neft bazarı üzrə ekspertlər də qeyd edirlər ki, ümumiyyətlə, Amerikada həm yeni işlək neft quyularının sayının günü-gündən artması ilə bağlı, həm də fəaliyyəti bu və ya digər səbəbə görə müvəqqəti olaraq dayandırılmış quyular da işə salındığı təqdirdə, bazara əlavə olaraq gündə 300 min barel məhsul çıxarıla bilər. Bu isə qiymətlərin bahalaşması prosesini istər-istəməz dayandırmaqla nəticələnməlidir.
Ona görə də, çıxış yalnız, iki yola qalır. Ya Səudiyyə Ərəbistanı başda olmaqla, OPEK ölkələri və o cümlədən ona daxil olmayan neft hasilatçıları iyun ayında Vyana razılaşmasını dayandırmaqla onun vaxtını uzatmamalı, ya da ki sözügedən razılaşmanın 6 ay vaxtı tamam olduqdan sonra müddəti yenə uzadılmaqla bazarda təklifin azaldılması prosesi davam etdirilməlidir.
Birinci əlverişli deyil, ona görə ki, Amerikada şist hasilatının genişlənməsi qarşısını almaq üçün neftin dünya bazar qiymətləri, gərək, 30 dolların altına düşsün və uzun müddət həmin səviyyədə qalsın.
O zaman iri neft hasilatçısı olan ölkələr ABŞ ilə müqayisədə lap, çox itirməli olacaqlar. Həm iqtisadi, həm də siyasi. İkincisi isə müqayisədə daha məqsədəuyğundu, o mənada ki, OPEK-in keçən ilin noyabrın 30-dakı Vyana qərarı bazarlarda onsuz da artıq, neft təklifi həcmini əməlli-başlı azaltmışdır.

Odur ki, sözügedən qərarın müddəti uzadılırsa, bu, qiymətlərin əlverişli səviyyədə qalması ilə nətəcələnəcək - ABŞ-da şist sənayesi nə qədər inkişaf etməkdə olsa da belə. Heç olmasa, cari ilin axırınadək. Bu isə, bütün neft hasilatçısı olan ölkələr üçün olduqca, vacib məqamdır.
Pərviz Heydərov
www.oxu.az