Bakı şəhəri Nizami rayonunun daxili avtomobil yollarında yenidənqurma işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Qara Qarayev prospekti və Rüstəm Rüstəmov küçəsi təmir olunub.
Oxu.Az-a “Azəravtoyol” ASC-dən verilən məlumata görə, hər iki yolda dağılmış və qabarmış hissələr mövcud idi. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətinə maneə yaradırdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb.
Təmir-tikinti işlərinin aparıldığı Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla uzunluğu 3 km, eni 24 metrdir.
Qeyd edək ki, həm Qara Qarayev prospekti, həm də Rüstəm Rüstəmov küçəsi avtonəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi ərazidə yerləşməklə mühüm əhəmiyyətə malikdir.
Nizami rayonunda bundan öncə daha bir-neçə küçədə də təmir-tikinti işləri aparılaraq yekunlaşdırılıb. Bu Mikayıl Əliyev (2,8 km), Bəkir Çobanzadə (2,3 km), Mehdi Abbasov (1 km), Naxçıvanski (0,85 km) və Nəsimi (1,2 km) küçələridir.
Ümumilikdə Nizami rayonunda son aylar ərzində “Azəravtoyol” ASC tərəfindən təmir olunmuş küçə və prospektlərin uzunluğu 13 kilometr təşkil edir.
U.A.
www.oxu.az