Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Polşanın kənd təsərrüfatı və kəndin inkişafı nazirinin müavini Tadeusz Nalevajklə görüşüb.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
İlham Quliyev Polşada kartofçuluğun inkişaf etdiyini nəzərə alaraq, Azərbaycanda sertifikatlı kartof toxumçuluğunun inkişaf etdirilməsi sahəsində birgə layihələrin həyata keçirilməsini təklif edib.
O, Polşa ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində müqavilə-hüquq bazasının genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
“Kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin, mütəxəssis və təcrübə mübadiləsinin asanlaşdırılması, Aqroparkların yaradılması, aqrobiznes investisiyalarının daha da təşviq edilməsi məqsədilə nazirliklərarası elmi-texniki əməkdaşlığa və bitki mühafizəsi sahəsində əməkdaşlığa dair sazişlərin imzalanması önəmlidir”.
Tadeusz Nalevajk Polşanın Azərbaycanla aqrar sahədə əməkdaşlığa önəm verdiyini bildirib. O, xüsusilə damazlıq, fitosanitar, süd istehsalı, heyvanların identifikasiyası, süni mayalanma sahələrini potensial əməkdaşlıq sahələri kimi qeyd edib. O, Azərbaycanla əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.