Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Qarabağ” layihəsinin dəniz əməliyyatlarında 26 gəmidən ibarət donanma iştirak edəcək
SOCAR-ın “Qarabağ” layihəsi çərçivəsində eyniadlı dayaq blokunun dənizə yola salınması və yataqda quraşdırılması ilə əlaqədar işlər plan üzrə davam edir.
2020-ci ilin avqustun 10-da prezident İlham Əliyevin iştirakı ilə “Qarabağ” layihəsinin dəniz əməliyyatlarının həyata keçirilməsinə start verilib və bu işlərə eyni zamanda bir neçə iri şirkət və təşkilat cəlb edilib. Onların sırasına mühəndis hesabatlarına, parametrlərin işlənilməsinə və hesablanmasına cavabdeh olan SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutu, dayaq blokunun dənizə nəql edilməsinə və yataqda quraşdırılmasına cavabdeh olan “Neftqaztikinti” tresti, “Qarabağ” dayaq blokunu hazırlamış “BOS Şelf” şirkəti, dəniz əməliyyatları üçün donanmanı təmin edən “ASCO” şirkəti, donanmanın və digər zəruri avadanlığın beynəlxalq standartlara uyğunluğuna nəzarəti həyata keçirən və həmçinin onların sertifikatlaşdırılmasına cavabdeh olan “Global Maritime” şirkəti və bilavasitə görülən işlərə rəhbərlik edən layihənin sifarişçisi “QƏŞ” – yəni Qarabağ Əməliyyat Şirkəti daxildir.
“Qarabağ” layihəsi çərçivəsində dəniz əməliyyatları – bir sıra elmi və istehsalat strukturlarının, iri həcmli donanmanın, onlarla yerli və beynəlxalq podratçının, yüzlərlə yüksək ixtisaslı mütəxəssisin və xüsusi texniki avadanlığın iştirakını nəzərdə tutan çətin və çoxfunksiyalı prosesdir”.
Dayaq blokunun dənizə nəqli və yataqda quraşdırılması işləri üçün 26 gəmidən ibarət donanma, o cümlədən, “Azərbaycan” kran gəmisi (DBA) və STB1 barjası cəlb ediləcək.
Hazırda bütün gəmilər sertifikatlaşdırmadan keçirilir və əsas avadanlıqlar yoxlanılır. Dənizə nəql etmə və yataqda quraşdırmaya hazırlıq işləri çərçivəsində həmçinin DBA -“Azərbaycan” kran gəmisində əsas kranın yükgötürmə qabiliyyətinin 1 250 tona qədər artırılması məqsədilə yenidən sertifikatlaşdırılma həyata keçiriləcək.
Layihənin iştirakçıları tərəfindən həm də quraşdırma avadanlığının, payaların, pakerlərin, diafraqmaların yoxlanılması həyata keçirilir.
Dayaq blokunun yataqda quraşdırılmasının vacib elementlərindən biri olan, payaların vurulması üçün nəzərdə tutulan hidravlik çəkic hazırda BP şirkətində “Azəri-Mərkəzi-Şərqi” layihəsi çərçivəsində istifadə olunur, və “Qarabağ” yatağında istifadəyə hazırlanmaq üçün 2020-ci ilin sentyabr ayının ortalarında QƏŞ şirkətinə veriləcək.
Bundan əlavə məlumat verilir ki, sürüşdürmə avadanlığı və dayaq blokunun barjaya bərkidilməsi üzrə mühəndislik işləri, STB1 barjasının özü və onun ballast sistemi dəniz əməliyyatlarına tam hazırdır.
“Neftqaztikinti” tresti və “Global Maritime” şirkəti hazırda həm də layihənin bütün prosedurlarının beynəlxalq standartlara uyğunluğunun yekun yoxlanılmasını, layihəyə cəlb olunmuş işçi heyətin təlimatlandırılmasını, xüsusi ixtisaslaşmış podratçıların, o cümlədən dalğıcların, hidravlik çəkic operatorlarının və partladıcıların cəlb edilməsilə bütün zəruri avadanlığın və materialların mobilizasiyasını həyata keçirir.
Plana uyğun olaraq, dayaq blokunun dənizə salınmasından sonra blokun yataqda quraşdırılmasına başlanılacaq, bu da 400-450 gün çəkəcək.
Xatırladaq ki, Xəzər dənizinin tarixində neft və qaz hasilatı üçün ən nəhəng sualtı dayaq bloku olan “Qarabağ” dayaq blokunun hazırlanması işləri 2020-ci ilin avqust ayında tamamlanıb.
187 metr hündürlüyü və 16 302 ton ağırlığı olan konstruksiya “Qarabağ” dəniz yatağında suyun 182 metr dərinliyində quraşdırılacaq. Dayaq bloku iki il ərzində inşa edilib. Layihə üzərində iş zamanı “BOS Şelf” şirkəti sağlamlıq, əməyin təhlükəsizlyi və ətraf mühitin mühafizəsi qaydalarına tam uyğun olaraq 3,2 milyon təhlükəsiz adam-saat göstəricisinə nail olub. Layihəyə cəlb edilmiş insan resurslarının 95%-ni yerli kadrlar təşkil edib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO)" teqi üzrə xəbərlər
- ASCO: Qeyri-sabit hava şəraiti gəmilərin limanlara giriş-çıxışında çətinliklər yaradır
- Azərbaycanda dövlətə məxsus 35 su nəqliyyatı vasitəsi hərraca çıxarılacaq
- Xəzər dənizində bədbəxt hadisə - Ölən var
- İşdən çıxarılan rektorun YERİNƏ TƏYİNAT
- Azərbaycan TARİXİNDƏ İLK: Üçrəngli bayrağımız altında üzən gəmi ABŞ limanında