Azərbaycan və Rusiya müxtəlif sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir.
Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bunu forumda çıxış edən Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib.
Onun sözlərinə görə, bu gün bu əlaqələr müxtəlif sahələrdə günü-gündən daha da genişlənir:
“Bu gün Azərbaycan Rusiya ilə kənd təsərrüfatı, sənaye, neft-kimya sahəsində aktiv əməkdaşlıq edir. Bu günə qədər iki ölkə arasında 160-dan artıq sahədə əməkdaşlıq sazişi imzalanıb. Bunlardan 40-ı iqtisadi sahələri əhatə edir”.
Nazir qeyd edib ki, bu gün Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2,6 mlrd. dollar təşkil edir. Bu gün Azərbaycan Rusiya üçün ixracda 3-cü, idxalda isə 1-ci yerləri tutan ölkədir.
O vurğulayıb ki, Azərbaycan son illər ərzində Rusiyaya 1 mlrd. dollardan artıq sərmayə yatırıb.
“Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyaya investisiya yatırımları edir. Bu gün Azərbaycan Rusiyanın regionları ilə də əməkdaşlığı genişləndirir. Azərbaycan Rusiyanın 15 regionu ilə müxtəlif sahələri əhatə edən ikitərəfli sazişlər imzalayıb”, - deyə nazir bildirib.
Ş.Mustafayev deyib ki, bu gün 100-dən artıq azərbaycanlı tələbə Rusiya ali məktəblərində təhsil alıb. İldən-ilə Rusiyada təhsil almaq istəyən tələbələrin sayı artır. Nazir qeyd edib ki, bu gün Azərbaycanda rusdilli məktəblərin sayı da kifayət qədərdir.
Qeyd edək ki, 23-24 iyun tarixlərində keçiriləcək forum çərçivəsində plenar iclasın keçirilməsi, rəsmi şəxslərin və işgüzar dairələrin iştirakı ilə əməkdaşlığın müxtəlif sahələri üzrə dəyirmi masaların təşkili nəzərdə tutulur.
Tədbirdə Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edir.
Forumun yekun plenar iclasının sonunda Azərbaycan və Rusiya Federasiyası arasında sənədlər imzalanacaq.