ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası (Assembly of the Friends of Azerbaijan - AFAZ) tərəfindən Vaşinqtonda “Cənub Qaz Dəhlizi və onun Avropanın enerji təhlükəsizliyində rolu”na həsr rolunmuş təntənəli tədbir təşkil olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, tədbirin diqqət mərkəzində Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən Cənubi Qaz Dəhlizinin daşıdığı strateji əhəmiyyət, xüsusilə onun əhatə etdiyi ölkələr və Avropanın enerji təhlükəsizliyinə verəcəyi mühüm töhfə, eləcə də bu layihənin yaradacağı yeni əməkdaşlıq imkanlarının ABŞ siyasi dairələri və ictimaiyyətinin diqqətinə çatdırılması olub.
ABŞ-da işçi səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev tədbir iştirakçıları qarşısında çıxış edərək, ölkəmiz və regionumuz üçün çox mühüm əhəmiyyət kəsb edən Cənubi Qaz Dəhlizinin gerçəkləşdirilməsi baxımından əlamətdar günlər yaşadığımızı söyləyib və bu istiqamətdə tərəqqinin əldə olunmasında ABŞ tərəfindən verilən davamlı dəstəyin vacib rolunu qeyd edib. SOCAR prezidenti bu layihənin Avropanı alternativ enerji ilə təmin etməklə yanaşı, qitənin iqtisadi inkişafına dəstək verəcəyini bildirib.
Tədbirdə çıxış edən senator Mayk Kreypo, Nümayəndələr Palatasının üzvləri Mayk Törner, Havyer Besera, Robert Aderholt, Henri Kuellar, Leonard Lens, Gin Qrin, Dana Rohrabaker, Qreys Menq, Ruben Hinoyosa, Mət Kərtrayt, İvet Klark, Bil Kasidi, Mayk Fitspatrik, Stiv Stokmən və Şeyla Cəkson Li öz nitqlərində Azərbaycanı ABŞ-ın yaxın dostu və etibarlı tərəfdaşı kimi xarakterizə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirib və Azərbaycanın apardığı enerji siyasətini, xüsusilə enerjidən əldən edilən gəlirlərin ölkənin müxtəlif sahələrdə inkişafına yönəldilməsini təqdir ediblər.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov öz çıxışında Azərbaycan hökuməti tərəfindən Cənub Qaz Dəhlizi ilə bağlı aparılan fəaliyyətlərə yetirilən diqqət və onun reallığa çevrilməsi üçün göstərdiyi davamlı səylərə toxunub və bu layihənin iştirakçı ölkələr üçün açacağı yeni perspektivlər barədə bəhs edib.
Azərbaycanın Vaşinqtondakı çoxsaylı dostlarını bir araya gətirən bu təntənəli mərasim Milli Məclisin ABŞ üzrə işçi qrupunun üzvləri və SOCAR-ın nümayəndə heyətinin ABŞ-da keçirdikləri faydalı görüş və toplantılar siyahısında yekun tədbir olub.