Ukrayna ilk dəfə Azərbaycan qazını Trans-Balkan dəhlizi vasitəsilə idxal edir. Bu barədə Ukraynanın "Naftoqaz" şirkətinin rəhbəri Sergey Koretski məlumat verib.
"Ukrayna ilk dəfə Azərbaycan qazını Trans-Balkan dəhlizi ilə idxal edir. SOCAR Qrupuna daxil olan "SOCAR Energy Ukraine" şirkəti ilə qaz alışına dair ilk müqavilə imzalanıb", - deyə o, "Facebook" sosial şəbəkəsində yazıb.
Test xarakterli tədarük marşrut olaraq Bolqarıstan və Rumıniya üzərindən həyata keçiriləcək. "Həcmi az olsa da, bu strateji baxımdan önəmli addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu, eyni zamanda, təchizat mənbələrinin diversifikasiyası üçün daha bir nümunədir", - deyə Koretski əlavə edib.
Qeyd edək ki, mayın 27-də Ukraynanın Energetika və Kommunal Xidmətlər üzrə Dövlət Tənzimləmə Komissiyası Trans-Balkan dəhlizi vasitəsilə Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldovadan qaz idxalına başlamaq üçün prosedurları təsdiqləyib.
2024-cü il yanvarın 1-dən Rusiyanın qazı Ukrayna ərazisi ilə Avropaya tranzit olunması tamamilə dayandırılıb, çünki Kiyev "Qazprom"la müqaviləni uzatmaqdan imtina edib. Tranzitin dayandırılması Ukraynanın özündə boru kəmərində təzyiqi qorumaq üçün texniki qaza olan tələbatı artırıb. Nəticədə Kiyev yanacağı çox yüksək qiymətə almağa məcbur qalıb. Yanvar ayının sonundan "Naftoqaz" qaz idxalına başlayıb və alış həcmini tədricən artırır. Fevral ayından etibarən Ukraynanın yeraltı qaz anbarlarındakı ehtiyatlar rekord dərəcədə aşağı səviyyədə qalır.
Bütün bunlar Azərbaycanın günbəgün inkişaf edən regional və qlobal rolundan, eləcə də artıq bu sahədə Rusiya bazarının yerini doldurmasından xəbər verir.
Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Müşfiq Cəfərov bildirib ki, dünya bazarında Azərbaycanın təbii qazına tələbat gündən-günə daha da artmaqdadır:

"Son illərdə bir çox Avropa ölkələri Azərbaycana qaz təchizatının həcmini artırmaq və ya həmin ölkələrə təchizata başlamaq üçün müraciət ediblər. Zəngin qaz ehtiyatlarına malik olan ölkəmizin Avropaya ciddi şəkildə qaz tədarükünü artırıb. Bu gün Ukrayna ilk dəfə Azərbaycan qazını Trans-Balkan marşrutu ilə rəsmi şəkildə qəbul edib. Bu, Ukrayna üçün həm siyasi, həm enerji təhlükəsizliyi baxımından mühüm və simvolik hadisədir. Ukraynanın dövlət enerji şirkəti "Naftogaz" Group SOCAR-ın Ukraynadakı törəmə qurumu "SOCAR Energy Ukraine" ilə Azərbaycan təbii qazının alınması barədə ilk müqaviləni imzalayıb. Belə ki, bu qaz tranziti Rusiya qazından asılılığı azaltmaq yolunda Ukrayna üçün ciddi addım olmaqla yanaşı, Azərbaycanın Avropa enerji xəritəsindəki rolunu da gücləndirir. Əvvəllər Trans-Balkan marşrutu uzun müddət əsasən Rusiya qazı üçün istifadə olunurdu. Bu gün isə həmin infrastruktur ilk dəfə Azərbaycan qazı ilə işə düşüb".
"Əslində hadisə Qərbin Moskvanın enerji hegemoniyasına qarşı real mübarizəsi kimi də dəyərləndirilə bilər. Azərbaycan qazının Ukraynaya daxil olması həm Qərbin dəstəklədiyi enerji diversifikasiyasının, həm də Bakı-Kiyev əməkdaşlığının güclənməsinin bariz göstəricisidir. Bununla da Azərbaycandan Avropaya ikinci enerji marşrut xətti açılmış olacaq. Azərbaycan ilk dəfə 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacağını Avropa bazarına çıxara bilib. Elə həmin ildən etibarən Azərbaycan Yunanıstan və İtaliyaya, 2021-ci ildən isə Bolqarıstana qaz satır", - deyə deputat vurğulayıb.
Müsahibimiz Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumundakı çıxışın xatırladıb:
"Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumunda çıxışında bildirdiyi kimi, dövlətimiz qaz satışı məsələsində heç vaxt hər hansı bir dövlətin enerji satışına alternativ olmaq fikri yoxdur. Biz sırf kommersiya prinsipləri əsasında fəaliyyət göstəririk. Azərbaycanın enerji siyasəti biznes məqsədlidir, dövlətimiz bunu heç vaxt siyasiləşdirməyib. Azərbaycan həqiqətən də heç vaxt enerji satışını bir alət kimi istifadə etməyib".
Mərahim Nəsib