Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Şamaxıda özəl investisiyalarla bağlı forum keçirildi
Layihə çərçivəsində Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqinə dair konsepsiyası hazırlanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması" layihəsi çərçivəsində biznes forum keçirilib.
Dövlət və özəl qurumların nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İqtisadiyyat İnstitutunun direktoru Nazim Müzəffərli və İş Adamları Cəmiyyəti Milli Assosiasiyasının və "Marsol Group"un rəhbəri Tural Mustafayev ölkə regionlarının və sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, Şamaxının biznes potensialı və bölgəyə investisiya qoyuluşu imkanları barədə fikirlərini bölüşüblər.
Tədbirdə İqtisadiyyat İnstitutu tərəfindən 2024-cü il ərzində həyata keçirilmiş "Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması" layihəsi üzrə görülmüş işlər barədə məlumat verilib. Qeyd olunub ki, layihənin məqsədi Şamaxı rayonuna özəl investisiyaların cəlb edilməsi imkanlarının araşdırılması, rayona sərmayə qoyuluşunun artırılması üçün təşviq və dəstək mexanizmlərinin hazırlanması olub. Bunun üçün Şamaxı rayonunun iqtisadi potensialı, demoqrafik xüsusiyyətləri, coğrafi mövqeyi, iqlim şəraiti, istehsal imkanları, insan kapitalı, maliyyə resursları ilə bağlı mövcud vəziyyət təhlil edilib, bir sıra xarici ölkələrin təcrübəsi öyrənilib, yerli sahibkarlar arasında sorğular keçirilib. Həmçinin, layihə çərçivəsində yerli sahibkarlarla görüşlər təşkil olunub, bir sıra dövlət qurumları, ekspertlər və KOBİA ilə əməkdaşlıq edilib.
Biznes forum zamanı məlumat verilib ki, tədqiqat Şamaxı rayonu üçün nəzərdə tutulsa da, ölkənin digər regionları üçün də nümunə olmaqla istifadə edilə, praktik idarəetmə qərarlarının hazırlanmasında, özəl investisiyaların cəlb olunmasında, yeni iş yerlərinin açılmasında, istehsalın artmasında yerli icra hakimiyyəti orqanları üçün faydalı ola bilər. Araşdırmanın nəticəsi olaraq Şamaxının investisiya cəlbediciliyinin və biznes imkanlarının təşviqi üzrə konsepsiya hazırlanıb. Bununla yanaşı, KOB klasterlərin yaradılması, təbii balın və yerli dərman bitkilərinin tədarükü və qablaşdırılması, məişət tullantılarının səmərəli idarə edilməsi, aqroparkların, tədarük məntəqələrinin və soyuducu anbarların genişləndirilməsi, sənaye məhəllələrinin yaradılması, turizmin inkişafı üzrə təkliflər verilib.