OPEC, Rusiya və Oman kimi digər böyük neft istehsalçıları neft hasilatını məhdudlaşdırmaqla bağlı qərarı qiymətləndirmək üçün bu gün St. Peterburqda toplanıb.
Oxu.Az xəbər verir ki, Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela 2018-ci ilin mart ayından sonra da razılaşmanın müddətinin uzadılmasına tərəfdardırlar.
Venesuelanın neft sənayesi naziri Nelson Martinesin açıqlamasına görə, bu gün keçirilən görüşdə razılaşmanın müddətinin uzadılması müzakirə edilib. Səudiyyə Ərəbistanı, Rusiya, Venesuela bu ideyanı dəstəkləyib.
O da məlum olub ki, OPEC+ ölkələri iyun ayında neft hasilatının azaldılması ilə bağlı sazişi 90% səviyyəsində yerinə yetirib.
Qeyd edək ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb.
L.Ə.