Bakı Gəmiqayırma Zavodundan ilk gəmi 2013-cü il sentyabrın 20-də suya buraxılacaq.
Oxu.Az interfax-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü jurnalistlərə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev məlumat verib.
“Bakı Gəmiqayırma Zavodu 2013-cü il sentyabrın 20-də istismara veriləcək və ilk kiçik yedək liman gəmisi suya salınacaq”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, zavodun gəmi inşası üçün kifayət qədər sifarişləri var.
“Həm “bp” şirkətindən Azərbaycanda həyata keçirilən layihələr, həm də SOCAR şirkətindən öz layihələrimiz üzrə sifarişlər var. Hazırda Nazirlər Kabinetinin qərarı ilə Xəzər Dəniz Gəmiçilik İdarəsi və güc strukturları yeni zavodda yeni gəmilərin tikintisi üzrə sifarişlər hazırlayırlar. Bu siafrişlər əsasında zavodun onillik fəaliyyət perspektivləri planlaşdırılacaq”, - deyə R.Abdullayev vurğulayıb.
Xəbər verildiyi kimi, Bakı Gəmiqayırma Zavodunun tikinti işlərinə 2011-ci ildə başlanılıb.