SOCAR Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İstehsalat Bölümü “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Gədisu-Stalçay” sahəsində seysmik kəşfiyyat işlərini uğurla başa çatdırmışdır.
Oxu.Az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, Quba-Xəzəryanı neftli-qazlı rayonunda yerləşən həmin sahədə 176 kilometrlik 2D, 183 kilometrlik qravimetrik və 173 kilometrlik maqnimetrik işlər aparılmışdır.
Çöl işləri zamanı əldə edilmiş materiallar emal və interpretasiya mərhələsindədir. İşlər “Gədisu-Stalçay” sahəsinin geoloji quruluşunun dəqiqləşdirilməsi və karbohidrogenlərin yayılma arealının müəyyənləşdirilməsi, zonanın neft-qazlılıq perspektivliyinin öyrənilməsi məqsədi daşımışdır.
Əldə ediləcək yeni məlumatlar axtarış-qazma işlərinin düzgün istiqamətləndirilməsinə şərait yaradacaqdır.
Gülnarə Zeynalova
www.oxu.az