“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın (Bakı Limanı) yeni yerdə inşası davam edir. İnşanın 2017-ci ilin axırına qədər yekunlaşması nəzərdə tutulur”.
Oxu.Az xəbər verir ki, bu sözləri Bakı Limanının baş direktoru Taleh Ziyadov jurnalistlərə deyib.
“Hazırda “RoRo” terminalı, yəni quru yük terminalı üzərində tikinti işləri həyata kiçirilir, paralel olaraq Azad Ticarət Zonasında da müxtəlif işlər davam edir. İnanırıq ki, önümüzdəki ilin ilk yarısında bu zonanın işə başlaması artıq aktual ola bilər”, - deyə baş direktor qeyd edib.
“Azad Ticarət Zonasında müxtəlif sənaye sahələri mövcud olacaq. Burada əsasən anbarlar və əlavə dəyər yarada biləcək sahələrdən ilk olaraq başlanıla bilər. Daha sonra əczaçılıq, neft-kimya, kiçik istehsalatla məşğul olan sahələrə yer ayrılacaq”.
Azad Ticarət Zonasının hüquqi əsasının yaradılması ilə bağlı işlərin gedişi barədə məlumat verən T.Ziyadov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu proses mart ayından davam edir:
“Bu ilin sentyabrında Dubayın “DP World” şirkəti ilə bu istiqamətdə müqavilə imzalanıb. Hazırda azad ticarət zonasının hüquqi rejimi və texniki-iqtisadi əsaslandırması hazırlanır.
Bu ilin sonuna qədər müvafiq sənədləri hökumətə təqdim etməyi planlaşdırırıq. Gələn ilin ilk iki ayında isə azad ticarət zonasının Baş (master) Planı hazır olacaq”.
Ülviyyə R. Əli
www.oxu.az