Azərbaycanda inşaat işlərinin aparılması üçün maliyyələşmənin bütün mənbələrindən yanvar-aprel ayları ərzində əsas kapitala 4,6 milyard manat, yaxud 2013-cü ilin yanvar-aprel aylarında olduğundan 8,6 faiz çox vəsait yönəldilib.
Oxu.Az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istifadə olunmuş vəsaitin 3,2 milyard manatı və ya 68,9 faizi məhsul istehsalı obyektlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitin 3,2 milyard manatı və ya 68,8 faizini daxili investisiyalar təşkil etmiş və ötən ilki səviyyədən 3,5 faiz yüksək olmuş, xarici mənbələrdən istifadə olunmuş investisiyanın həcmi isə 22,0 faiz artıb. Bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuş vəsait ötən illə müqayisədə 25,6 faiz artaraq 3,4 milyard manat təşkil edib.
Cari ildə tikintisinin davam etdirilməsi məqsədəuyğun hesab edilən obyektlərdə inşaat işlərinin aparılması üçün dövlət büdcəsindən 5322,7 milyon manat məbləğində vəsait ayrılması nəzərdə tutulub və ilin əvvəlindən ötən dörd ay ərzində həmin vəsaitin 1728,7 milyon manatından istifadə edilib.
Tikinti kompleksinə yönəldilmiş vəsait hesabına çoxsaylı obyektlərdə inşaat işlərinin aparılması ilə yanaşı bir sıra istehsal və qeyri-istehsal obyektləri istifadəyə verilib.
Dörd ay ərzində 500,9 min kv.metr sahəsi olan yaşayış evləri, 1820 şagird yerlik ümumtəhsil məktəbləri, 430 yerlik məktəbəqədər təhsil müəssisələri, 200 çarpayılıq xəstəxana, Bakı şəhərində Sağlamlıq Mərkəzi, Milli Konservatoriyanın yeni inzibati-tədris kompleksi, Milli Gimnastika Kompleksi, Sumqayıt şəhərində Azərbaycan kağız və karton istehsalat kombinatı, Yağ fabriki, Mis emalı zavodu, Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyası, Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksi, Gənclər Mərkəzi, Göygöl rayonunda Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, Qəbələ rayonunda “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin birinci mərhələsi və s. obyektlər istifadəyə verilib.
Gülnarə Zeynalova
www.oxu.az