ABŞ Prezidenti Donald Trampın dollarla bağlı açıqlamaları qlobal birjalarda dünya pulunu ucuzlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov öz Facebook səhifəsində yazıb.
Ekspert qeyd edib ki, yanvarın 31-də dollar aparıcı valyutalara nisbətən son 12 həftədə ən aşağı məzənnə ilə təklif olunub.
“Dünən avro dollara nisbətən 1.08 dollaradək bahalaşıb. Doğrudur, bu gün yenidən birjalarda stabillik yaranıb və hətta dolların cüzi möhkəmlənməsi də müşahidə edilib”, - o bildirib.
Vüqar Bayramov hesab edir ki, Trampın istəyi sadədir - “ucuz dollar ABŞ üçün daha çox ixrac və daha az idxal imkanları deməkdir”.
İqtisadçı bildirib ki, bununla Birləşmiş Ştatlar əzəli rəqiblərini, o cümlədən Çin, Avropa Birliyi və Yaponiyanı da, zəiflətmək istəyir.
Lakin ekspertin fikrincə, bunu etmək asan olmayacaq:
“Reallıq budur ki, dolları aparıcı valyutalara və eləcə də avroya nisbətən kəskin ucuzlaşdırmaq asan deyil. “İki ölkə” modelinə uyğun olaraq, ABŞ-ın iqtisadi rəqibləri də qabaqlayıcı tədbirlər həyata keçirəcəklər. Lakin əgər Tramp və onun komandası bu məsələdə israrlı olarsa, o zaman dolların digər aparıcı qlobal valyutalara nisbətən məzənnəsi mərhələli şəkildə azala bilər”. Amma yenə də dolların aparıcı valyutalara nisbətən məzənnəsində kəskin azalma gözlənilmir. Bununla yanaşı, dolların əksər inkişaf etməkdə olan ölkələrin valyutalarına nisbətən dəyər itirməsi də inandırıcı deyil”.
S.B.
www.oxu.az