“Noyabrın 9-da növbəti 4 il müddətinə ABŞ Prezidenti seçilən respublikaçı Donald Trampın rəhbərliyi dövründə Ağ evin siyasi və iqtisadi kursunda mühüm dəyişikliklərin ediləcəyi gözlənilir.
Onun seçki kampaniyası dövründə verdiyi bəyanatlara istinad etsək, rəsmi Vaşinqtonun ölkənin enerji müstəqilliyinin təmin olunması və Səudiyyə Ərəbistanından neft idxalına son qoyulması, Amerikada neft istehsalına tətbiq edilən bütün qadağaların ləğvi və hökumətin neft şirkətlərinə dəstək verməsi və s. bu kimi addımlarına yaxın perspektiv kimi yanaşa bilərik”.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın Energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilmiş məqaləsində qeyd edib.
Nazir xatırladıb ki, bütün bunlar isə dünya bazarında neftin qiymətinin daha da ucuzlaşması, istehlakçı çevrəsinin məhdudlaşması demək olar.
“Əlbəttə, bütün bunlar gələcəklə bağlı ehtimallardır”, - deyə N.Əliyev məqaləsində qeyd edib.
Nazir bu ehtimalların Azərbaycana təsirlərindən də danışıb:
“Bu ehtimalların ölkəmizə təsirinə gəlincə isə, son dövrlər geniş vüsət götürmüş davamlı islahatlarla yeni iqtisadi inkişaf modelinə keçən Azərbaycanın neft amilindən asılılığı aradan qaldırmaq üçün reallaşdırdığı intensiv tədbirlər qlobal proseslərin ölkəmizə istənilən ziyanlı müdaxiləsini minimallaşdırır.
Ölkə rəhbərliyinin həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi kursu, məqsədyönlü strategiya istənilən situasiyada hər hansı konkret amildən asılı olmayaraq Azərbaycan dövlətinin gələcək inkişafını təmin edəcəkdir”, - deyə o deyib.
U.A.
www.oxu.az