Türkiyə Avropa Ödəniş Şurasına (EPC) məktub göndərərək Vahid Avro Ödəniş Məkanına (SEPA) qoşulmaqda maraqlı olduğunu bəyan edib.
Oxu.Az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Aİ-Türkiyə yüksəksəviyyəli iqtisadi dialoqunun yekun bəyanatında bildirilib.
"Sənəddə qeyd olunub ki, tərəflər Türkiyənin SEPA-da potensial iştirakının daha sürətli, təhlükəsiz və səmərəli transsərhəd ödənişlərin həyata keçirilməsinə, eləcə də Türkiyə ilə Aİ arasında ticarət və investisiyaların inkişafına töhfə verəcəyi barədə razılığa gəliblər".
Qeyd edək ki, Avropa Ödəniş Şurası (EPC) elektron ödənişlər sahəsində Avropa bank sektorunun fəaliyyətini əlaqələndirən beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilatın əsas vəzifəsi Vahid Avro Ödəniş Məkanının (SEPA) standartlarını hazırlamaq, inkişaf etdirmək və onların tətbiqini uyğunlaşdırmaqdır.
Vahid Avro Ödəniş Məkanı (SEPA) isə avro ilə beynəlxalq bank köçürmələrinin ölkədaxili köçürmələr qədər sadə, sürətli və aşağı xərcli həyata keçirilməsini təmin edən ödəniş sistemidir. Hazırda SEPA-ya Avropa İttifaqının bütün üzvləri də daxil olmaqla 41 dövlət daxildir.