Sabunçuda baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin son vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:
"02.07.2026-cı il tarixində saat 17:20-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, "Koroğlu" istiqamətindən çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. 1 nəfər isə (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
Tibb müəssisəsinin müvafiq şöbəsində zəruri tibbi xidmətlər göstərilən pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb".
Bakının Sabunçu rayonunda ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hərəkətdə olan "Toyota" markalı avtomobil idarəetməni itirərək beton maneəyə çırpılıb.
Hadisə zamanı sürücü həlak olub. Avtomobildə olan sərnişin 35 yaşlı Fəridə Bədəlova xəsarət alıb. O, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.