Türkiyədə son bir ayda dolların məzənnəsinin 13% artaraq 3,48 TRY/USD-yə yüksəlib.
Oxu.Az xəbər verir ki, “Report”un analitik qrupu bildirir ki, buna səbəb Türkiyənin maliyyə bazarlarından əsasən xarici kapitalın axını olub. Son həftə ərzində isə proses daha da güclənib.
Belə ki, Türkiyə Mərkəzi Bankının (TCMB) hesabatına görə, noyabrın 25-də bitən həftə ərzində Türkiyənin istiqraz bazarında qeyri-rezidentlərin satışı 969 milyon, səhm bazarında isə 11 milyon dollar təşkil edib.
Türk lirəsində olan aktivlərin satışından əldə edilən vəsaitin xarici valyutaya, xüsusən də dollara yönəlməsi dolların məzənnəsinin artmasına səbəb olub.
Analtik qrupun apardığı araşdırmalar göstərir ki, son bir ay ərzində qeyri-rezidentlərin Türkiyədə istiqraz satışı 2,12 milyard dollar, səhm satışı isə 530 milyon dollar təşkil edib. Ümumilikdə, maliyyə bazarlarından xarici kapital axını 2,65 milyard dollar olub.
“Türkiyə maliyyə bazarlarından kapital axını 2017-ci ilin ilk rübünün sonuna qədər dəyişik templə davam edəcək. Bu səbəbdən, TRY/USD məzənnəsinin 2017-ci ilin ilk rübünün sonuna qədər 3,70-3,90 diapazonuna qədər yüksəlməsi mümkündür”, - deyə analitiklər əlavə ediblər.
U.A.
www.oxu.az