"Avqust ayının son günündə bir sutka ərzində 5 aylıq norma yağıntı düşdü və biz yüzillik meteoroloji müşahidələr ərzində ilk dəfədir ki, belə bir göstərici ilə üzləşdik".
Oxu.Az xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirində çıxışı zamanı deyib.
Umayra Tağıyeva vurğulayıb ki, Azərbaycanın iqlim dəyişmələrinə dair həssaslıq indeksinin qiymətləndirilməsinə əsasən, son 10 il ərzində ekstremal hava-iqlim hadisələrinin sayı və intensivliyi xeyli artıb və sektoral inkişaf planlarında iqlim məsələlərinin inteqrasiyasını zəruri edib.
O bildirib ki, hər kəs üçün əlçatan erkən xəbərdarlıq sadəcə informasiya deyil:
"Bəzən bir xəbərdarlıq insan itkilərini xilas edən və infrastruktur zərərini əhəmiyyətli dərəcədə azaldan mühüm bir vasitə olduğunu göstərir.
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) bildirir ki, cəmi 24 saat əvvəl verilən xəbərdarlıq belə zərəri 30%-dək azalda bilər. Hazırda dünya süni intellektin təsiri ilə ciddi transformasiyayalara və yeni imkanlara keçid edir".
Umayra Tağıyeva əlavə edib ki, ekstremal hava hadisələrinin monitorinqi və proqnozlaşdırılmanın inkişaf etdirilməsi seçim deyil - insan həyatını xilas edən investisiyalardır:
"Ölkəmiz milli monitorinq sisteminin modernləşdirilməsinə investisiya qoyulması istiqamətində mühüm addımlar atmışdır.
Azərbaycan geniş meteoroloji müşahidə sisteminə malikdir.
Son 5 il ərzində 2026-cı ilin investisiyaları nəzərə alınmaqla, bu sistemlərin 82%-i artıq avtomatlaşdırılmışdir.
Lakin bu, erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində əsas və birinci pillədir. Qarşıda həyata keçirilməli bir sıra mühüm hədəflər mövcuddur.
Çünki iqlim dəyişmələri artıq uzaqda baş verən bir təhlükə deyil - təsirlərini bu gün və burada yaşadığımız reallıqdır".