Son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin geri qaytarılma müddətlərinə riayət edilməməsi hallarının artması ilə əlaqədar Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.
Oxu.Az xəbər verir ki, DGK-ın mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar 16 avqust 2014-cü ildən etibarən Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtonəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi zamanı sərhəd gömrük orqanları tərəfindən müvəqqəti gətirilmə prosedurunun gömrük rəsmiləşdirilməsi üçün təsdiqedici sənədlər tələb olunacaq.
“Avtonəqliyyat vasitələrinin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkar edildikdə və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi, və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı, və ya Azərbaycan Respublikası Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq”, - məlumatda deyilir.
Gülnarə Zeynalova
www.oxu.az