Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən yanvarın 31-də dövlət əmlakının özəlləşdirilməsi üzrə hərrac keçiriləcək.
Oxu.Az-a komitədən verilən məlumata görə, hərraca 20 səhmdar cəmiyyətinin səhmləri, 23 nəqliyyat vasitəsi və 38 kiçik dövlət müəssisəsi və obyekti çıxarılıb.
Paytaxtın Suraxanı rayonunda yerləşən 47 saylı mağaza 200 min manata, Sumqayıtda yerləşən 3 saylı avtomobillərə qazdoldurma stansiyası 280 min manata, Şirvan şəhərindəki Yardımçı təsərrüfat isə 315 min manata təklif olunur.
Özəlləşməyə çıxarılan paytaxtdakı qeyri-yaşayış sahələri Səbail, Nəsimi, Yasamal, Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarında yerləşir.
Binəqədi rayonundakı qeyri-yaşayış obyektinə 468 min 400 manat, Səbail rayonundakı obyektə isə 460 min manat ilkin satış qiyməti təyin olunub. Paytaxtdakı əmlakların sahəsi, əsasən, 15-300 kv.m. arasında dəyişir.
Qeyd edək ki, hərrac paytaxt (Komitənin İnformasiya Texnologiyaları Mərkəzi, H.Əliyev pr. 139A) və regionlardakı hərrac mərkəzlərində baş tutacaq.
U.A.
www.oxu.az