Nəqliyyat Nazirliyi Bakı Beynəlxalq Dəniz Ticarət limanının Ələt qəsəbəsində yerləşən yeni limana köçürülməsinə hazırdır.
Oxu.Az-ın Fineko/abc.az-a istinadən xəbərinə görə, layihə ilə yaxından məşğul olan mənbələrdən məlum olub ki, yeni limanda gəmi terminalı iyul ayının sonunda açılacaq.
“Onun tikintisi demək olar ki, başa çatıb, hal-hazırda ətraf ərazidə abadlıq işləri aparılır”, - mənbə bildirib.
Bir müddət öncə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov limanın Ələt qəsəbəsinə 2014-cü ilin yay aylarında köçürüləcəyini bildirmişdi.
“Köçürülmə zamanı mövcud terminalın fəaliyyəti dayandırılmayacaq. Biz Bakının mərkəzindən Ələtə yük axınının istiqamətlənməsini rəhbər tuturuq və ona görə də köçürülmə tarixini söyləməkdən çəkinirik”, - Pənahov daha öncə bildirmişdi.
Öncədən köçürülmə tarixi 2014-cü ilin iyun ayının sonuna müəyyənləşdirilmişdi, bu gün isə bu tarix iyun-iyul kimi qeyd edildi.
Ələtdə yerləşən yeni gəmi terminalı 50 min konteynerlə işləmə imkanına malik olacaq, gələcəkdə isə illik norma 1 milyon konteynerə çatdırılacaq.