Əzilmiş avtomobilin hansı servisdə təmir olunması ilə bağlı sığorta şirkətləri və avtomobil sahibləri arasında mübahisələrə son qoyulacaq.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu, Maliyyə Nazirliyi tərəfindən yeni hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsində nəzərdə tutulub.
Qeyd edək ki, indiyədək avtomobil sahiblərinin əksəriyyəti avtomobilin özlərinin etimad göstərdikləri avtoservislərdə təmirini tələb etsələr də, sığorta şirkətləri maşının tərəfdaşlıq etdiyi servislərdə təmirinə üstünlük verirdi.
Yeni qaydalara görə isə bu məsələ, yəni maşının harada təmir ediləcəyi hələ sığorta müqaviləsi bağlananda müəyyən olunacaq.
Bu isə o deməkdir ki, sığorta müqaviləsinə əsasən müştəri etibar etdiyi avtoservisdə avtomobilini çox rahat şəkildə təmir etdirə biləcək. Sığorta şirkətlərinin bu məsələyə münasibəti fərqli olsa da, ümumilikdə bu yenilik müsbət qəbul edilib.
Sığorta şirkətlərindən Fins.az-a verilən məlumata görə, bu hal sığorta mübahisələrini azaldacaq və sığortaya marağı artıracaq.