Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Yeni sosial islahat paketi: Azərbaycanın növbəti uğuru
İnsanların sosial rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsas və başlıca hədəflərindəndir. 2003-cü ildən bu siyasət uğurla davam etdirilir. Dövlət başçısı son 22 il ərzində əməkhaqlarının, pensiya və müavinətlərin artırılması, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində saysız-hesabsız sərəncam və qərarlara imza atıb. Məhz bunun nəticəsidir ki, ölkəmiz bu gün nəinki regionda, bütövlükdə postsovet məkanında lider mövqelərdən birinə yüksəlib. Banisi və qurucusu ümummilli lider Heydər Əliyev olan Azərbaycan dövlətinin yaxın məqsədlərindən biri əhalinin sosial rifah halını ən yüksək səviyyəyə çatdırmaq, dünyanın inkişaf etmiş dövlətinə çevrilmək, sosial rifah dövləti mərtəbəsinə yüksəlməkdir və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yanvarın 27-də Azərbaycan Prezidentinin yeni sosial islahat paketi çərçivəsində əməkhaqqlarının artırılması barədə Sərəncamı da bu qəbildəndir.
Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ölkədə sosial inkişafın təmin edilməsi istiqamətində 2025-ci ilin əvvəlindən növbəti addımların atılmasına, artıq 2018-ci ildən ötən dövrdə 5-ci sosial islahat paketinin reallaşdırılmasına imkan verib. Yeni sosial islahat paketinin əsas istiqamətlərindən biri də əməkhaqqı artımlarıdır. Sərəncama əsasən 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb. Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə artıma nail olunub. Minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə işləyənlərin tarif (vəzifə) maaşlarının müəyyən olunduğu Vahid Tarif Cədvəlinin 19 pilləsinin ilk pilləsi üzrə əməkhaqqı 345 manatdan 400 manata çatdırılmaqla, digər pillələrdə də maaşlar orta hesabla 16 faizədək artımlarla əksini tapıb.
Həmçinin dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. artırılıb.
Beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaşlarında artıma imkan yaradıb. Dövlətimizin başçısının 7 yanvar 2025-ci il tarixli "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında" Sərəncamı ilə növbəti sosial islahat paketi çərçivəsində qeyd olunan işçilərin də əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb.
Qeyd edək ki, İlham Əliyevin 27 yanvar 2025-ci il tarixli Fərmanları ilə Müdafiə, DİN və DİN Daxili Qoşunların Baş İdarəsinin, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin, Prezidentinin Təhlükəsizlik Xidmətinin, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Xarici Kəşfiyyat Xidməti, Dövlət Təhlükəsizliyi Xidmətinin, Dövlət Miqrasiya Xidmətinin, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, o cümlədən DSX, FHN-nin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının əmək haqları 10 faiz artırılıb. Qeyd edək ki, yeni, 5-ci sosial islahat paketi çərçivəsində həmçinin 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum pensiyada 3 dəfəyədək artıma nail olunub. 2025-ci ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərdə tutulub. 2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və ölkə Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən bu il də müavinət və təqaüdlərdə artım dinamikası davam edəcək. Ölkədə aparılan siyasətdə sosial sahənin prioritet olmasının əməli təzahürü kimi, dövlət büdcəsində sosialyönümlü xərclər 2021-ci ildəki 10,3 mlrd. manatdan 2024-cü il üçün 15,5 mlrd. manata çatıb və 2025-ci ilin büdcə layihəsində 16,9 mlrd. manat nəzərdə tutulur. Bu da həmin xərclərdə qısa müddətdə 6,6 mlrd. və ya 1,6 dəfə artım olduğunu göstərir. Sosialyönümlü xərclərin çəkisinin büdcədə 41 faiz olması sosial rifahın dövlət siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir.
Beləliklə, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və Prezident cənab İlham Əliyevin yeni müasir və qlobal çağırışlara uyğun yüksək səviyyədə davam etdirdiyi müdrik və uzaqgörən milli inkişaf strategiyası son 20 ildə Azərbaycanın böyük tarixi uğurlara, möhtəşəm Zəfərə, eyni zamanda mühüm sosial irəliləyişlərə nail olmasını təmin edib. Bu müdrik və uzaqgörən siyasət bundan sonra da ölkəmizi dinamik inkişaf yolunda hər zaman qələbələrə, zirvələrə doğru aparacaq.
"Report" İnformasiya Agentliyi
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Lənkəranda baş verən dəhşətli qəzada xəsarət alanların son durumu AÇIQLANDI
- Bakıda polisə silahlı müqavimət göstərən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ, xəstəxanaya yerləşdirildi
- DİN-dən süni intellektlə bağlı XƏBƏRDARLIQ
- Yük maşını ilə magistral yolda avtoşluq etdilər
- Elçilikdə "yox" cavabı alan kişi DƏHŞƏT SAÇDI - TƏFƏRRÜAT