Nəqliyyat naziri Ziya Məmmədov dekabr ayının 30-da Yevlaxda qəbul keçirib. Qəbul zamanı Ağdam, Bərdə və Yevlax rayonlarından olan vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilib.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidmətindən bildirilib.
Müraciətlər əsasən, Ağdam avtovağzalının yaxınlığında qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi, Yevlax rayonunun Hacıselli-Havarlı-Varvara-Marzılı kəndlərinə əvvəllər işləmiş marşrut xəttinin bərpası və digər məsələlərlə bağlı olub.
Həmçinin, Bərdə və Yevlax şəhərdaxili marşrut avtobuslarının yenilənməsinə köməklik göstərilməsi xahiş olunub. Vətəndaşlar Ağdam rayonu ərazisində kiçik tutumlu avtobuslarla sərnişindaşıma fəaliyyətinin yüksək səviyyədə təşkili, Bərdə və Yevlax rayonlarının nəqliyyat-yol kompleksində görülmüş işlərlə əlaqədar minnətdarlıqlarını ifadə ediblər.
Qəbul zamanı qaldırılan məsələlərin bəziləri yerindəcə həllini tapıb. Vətəndaşların digər müraciətləri ilə bağlı nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılıb.
U.A.
www.oxu.az