Bakı Ağır Cinayətlər Məhkəməsində şəhər sakini Seyran Tahirovun (1967-ci il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
İttiham aktına əsasən, ötən il aprelin 17-də Saray qəsəbəsinin S.Qaziyeva küçəsi, ev 5-də yerləşən evdə Seyran Tahirov ailə münaqişəsi zəminində özünə məxsus 16 kalibrli ov tüfəngindən atəş açmaqla arvadı Məhbubə Tahirovanı ağır yaralayıb, Kliniki tibbi mərkəzə çatdırılan qadının həyatını həkimlər xilas etməyə nail olublar. Elə həmin gün şübhəli şəxs Abşeron RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ilkin olaraq İstintaq şöbəsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi qaldırılıb.
İstintaqa ifadə verən təqsirləndirilən şəxs bildirib ki, həyat yoldaşı ilə münasibətləri 1 ildir gərgin olub. Bu üzdən evdən gedərək qardaşının evində məskunlaşıb. Lakin həyat yoldaşı onun barəsində yaxınlarının və tanışlarının yanında təhqiredici sözlər işlətməkdə davam edib. Bundan qəzəbləndiyindən özünə məxsus ov tüfəngini götürərək evə gəlib və arvadına iki güllə atıb.
İstintaqla müəyyən edilib ki, Tahirovların ailə münasibətləri bir ilə yaxındır ki, pozulub, onlar rəsmi boşanmasalar da, ayrı-ayrı yaşayıblar.
Məhkəmə prosesində Seyran Tahirov ittiham üzrə özünü qismən təqsirli hesab edib. O bildirib ki, kişinin sözü ilə oturub-durmayan qadının yaşamağındansa, ölməyi daha yaxşıdır. Silaha gəlincə təqsirləndirilən şəxs deyib ki, silahı evində ov məqsədi ilə saxlayıb.
Məhkəmənin hökmü ilə S.Tahirov 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az