Külli miqdarda rüşvət alma, dələduzluq və s. əməlləri törətməkdə təqsirləndirilən Eyvaz Niftalıyev və Ramis Hümmətovun cinayət işləri üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin rəhbərliyi ilə keçirilən sonuncu iclasda məhkəmə kollegiyası şahidlərin iştirakı məsələsinə toxunub. Belə ki, cinayət işi üzrə 100-dən artıq şahidin adı keçsə də, indiyə qədər onların yalnız kiçik bir qisminin dindirilməsi mümkün olub. Məhkəmə heyəti bu vəziyyətə irad bildirərək, ifadəsi alınmamış 50-dən çox şahidin məhkəməyə məcburi qaydada gətirilməsi haqqında qərar çıxarıb.
Qərarın icrası məqsədilə həmin vətəndaşların qeydiyyatda olduqları rayonların polis idarə və şöbələrinə müvafiq məktubların ünvanlanması barədə tapşırıq verilib.
Növbəti iclas mart ayının 5-nə təyin edilib.
Məlumat üçün bildirək ki, müttəhim Ramis Hümmətov əvvəllər Müdafiə Sənayesi Nazirliyinin təbii ehtiyatlarla iş üzrə idarəsində böyük elmi işçi kimi fəaliyyət göstərib.
Digər təqsirləndirilən Eyvaz Niftəliyev isə keçmişdə Şamaxı rayonunda müəllim işləyib.
İstintaq materiallarına əsasən, Eyvaz Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 (dələduzluq əməlləri), 195.2 (külli miqdarda ziyan vurmaqla qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Ramis Hümmətov isə həmin Məcəllənin 178.2.1, 178.2.2, 32.4, 178.2.3, 32.5, 178.2.4, 32.4, 29, 195.2, 32.5, 29, 195.2, 32.4, 308.2, 32.4, 313, 32.5, 313, 32.4, 311.3.3 və 32.5, 311.3.3-cü maddələri ilə ittiham olunur.
Bu cinayət işində zərərçəkmiş tərəf kimi vətəndaşlar Azər Aslanov, Nuranə Şərafətova, Azər Məmmədov və Dövlət Sosial Müdafiə Fondu tanınıblar.
Məhkəmənin qərarı ilə Eyvaz Niftalıyev barəsində həbs qətimkan tədbiri, Ramis Hümmətov haqqında isə polisin nəzarəti altına verilməklə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Xatırladaq ki, istintaqın qənaətinə görə, Eyvaz Niftəliyev palçıq vulkanlarının tədqiqat işlərinin aparılması ilə əlaqədar vətəndaşlarla müqavilələr bağlamaq və digər müxtəlif işlər görmək adı ilə öhdəliklər götürüb, amma icra etməyib. O, 100-dən çox şəxsin pul vəsaitini mənimsəməkdə günahlandırılır.
Elgün Həsənli