Bakı Ağır Cinayətlər Məhkəməsində Şamaxı rayon sakini Samir İbrahimovun (1995-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, bu il fevralın 23-də Şamaxı rayonunun Şəhriyar kəndində yaşayan Samir İbrahimov aralarında şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı həmkəndlisi İsmayıl Manafova (1994-cü il təv.) və onun qardaşı Ramilə (1996-cı il təv.) bıçaqla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Zərərçəkənlər Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq əməliyyat olunublar.
Şamaxı RPŞ-nin əməkdaşları axtarış tədbirləri nəticəsində şübhəli şəxsi saxlayaraq, istintaqa təqdim ediblər. Samir İbrahimov dindirilərkən bildirib ki, İsmayıl Manafovu ona qarşı ağır söyüşlər işlətdiyinə görə vurub, sonuncunun qardaşı Ramil onları ayırarkən ona təsadüfən xəsarət yetirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
С.Н.
www.oxu.az