Bakı Ağır Cinayətlər Məhkəməsində Xəzər rayon sakini Asif Məmmədovun (1995-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, ötən il oktyabrın 11-də Xəzər rayonunun Zirə qəsəbəsində Asif Məmmədov aralarında yaranan mübahisə zamanı qohunu Oqtay Rzayevi (1964-cü il təv.) bıçaqlayaraq ağır xəsarətlər yetirib və sonra sonuncuya məxsus "VAZ 2106" markalı avtomaşınla hadisə yerindən uzaqlaşıb. Rzayev 3 saylı kliniki xəstəxanaya aparılarkən yolda kəskin qanitirmədən dünyasını dəyişib, polisə məlumat daxil olandan sonra hadisə yerinə RPİ və prokurorluq əməkdaşları cəlb olunmaqla, müayinə aparılıb. Məlum olub ki, hadisə yeni yaşayış massivindəki yarımtikilidə baş verib.
Elə həmin gün şübhəli şəxs Qaradağ RPİ-nə gələrək, könüllü təslim olub və Xəzər rayonunda adam bıçaqladığını etiraf edib.
İstintaqın gedişatında Asif Məmmədov ətraflı ifadə verməkdən imtina edərək, cinayəti şəxsi münasibətlər zəminində yaranan insident zamanı törədib. Şahid ifadələrinə əsasən, həmin gün səhər saatlarında Oqtay Rzayev Asifi evdən özü çağırıb və sonra onlar hadisə yerinə yollanmaqla, orada mübahisə ediblər.
Hazırlıq iclasında məhkəmənin tərkibi elan edilib, təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 17-nə təyin olunub. Daha ətraflı məlumat proses yekunlaşanda veriləcək.
С.G.
www.oxu.az