Bakıda mənzildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsindən verilən məlumata görə, Bakı şəhər sakini Rəhilə Bahadır qızı Məmmədova Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, ötən gün evdə olmadığı müddətdə mənzilindən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.
Polisdən, həmçinin bildirilib ki, R.Məmmədova paytaxt ərazisində 45 saylı məktəbdə ədəbiyyat müəlliməsi işləyir.
Qeyd edək ki, A.Heydərov küçəsində yerləşən mənzil Məmmədov Oqtay Məmməd oğluna məxsus olub.
Milli.az-ın verdiyi məlumata görə, Oqtay Məmmədov məmurdur.
O, Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə Sosial Müdafiə mərkəzində direktor işləyir. Hadisə ilə bağlı araşdırmalar aparılır.
Daxil olan məlumatlar əsasında araşdırmalara başlanılıb.
11:21
Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, A.Heydərov küçəsi ünvanında Məmmədov Oqtay Məmməd oğluna məxsus evdən naməlum şəxs və ya şəxslər 200 min dollar pul oğurlayıblar.
Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədovanın evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14.00-dan 19.00-dək olan vaxtda mənzilə basqın edilib.
Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.