Qəfəsin içində ətrafına tamaşa edən albinos bayquş görənləri təəccübləndirir.
Oxu.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dünyada belə quşların sayı olduqca azdır.
Qeyd edək ki, albinizm - anadangəlmə dəriyə rəng verən piqmentin olmaması ilə xarakterizə olunur. Mütəxəssislər albinizmi xəstəlik hesab etmirlər. Onlar elmi dildə “albinos” adlanır. Bu söz latın dilində “alba” sözündən törəyib və “ağ” mənasına gəlir. Albinizmin səbəbi dəridə melanin əmələ gətirən melanositlərin çatışmazlığı və ya olmamasıdır.
Alimlərin araşdırmasına görə, Avropada hər 20000-dən, dünyada isə hər 17000 insandan biri ağ dərili, ağ saçlı, qırmızı gözlü albinoslardır. Ən çox albinos Nigeriyadadır, hər 3000 adamdan biri albinosdur.
Albinizm irsidir və müalicəsi yoxdur.
Albinizmə nəinki insanlar, hətta heyvanlar arasında da rast gəlinir. Alimlərin araşdırmasına görə, hər 10000 heyvandan biri albinosdur.
Bəzi ölkələrdə albinoslar aşkar ayrı-seçkiliyə məruz qalırlar. Tanzaniyada albinosları dini mərasimlərdə öldürürlər. Hesab edirlər ki, onların daxili orqanları bəzi xəstəliklərin aradan qaldırılmasına və cadugərliyə kömək edir.
A.S.
www.oxu.az