Amerikanın ən məhşur manyaklarından olan Ed Qeyn tarixə törətdiyi cinayətlərin sayına görə yox, əməllərinin dəhşətliyinə görə düşüb.
Oxu.Az xarici mətbuata istinadən məlumat verir ki, Edvard Teodor Qeyn 1906-cı ildə Viskonsin ştatında anadan olub. O uşaqlıq və gənclik illərini fermada keçirib, təsadüfi işlərlə dolanıb, bəzən qonşu uşaqlara baxıcılıq edib. Qardaşını, atasını və çox yaxın olduğu anasını itirdikdən sonra fermada tək yaşamağa başlayıb.
Bir gün kafe sahibi Meri Hoqan itkin düşür. Ed onun yox olması barədə zarafat etsə də, heç kəs ona fikir verməyib. Həmçinin, yerli uşaqlar arasında Edin evində insan kəllələrinin yığıldığı barədə şayələr gəzsə də, heç kəs buna əhəmiyyət vermirdi.
1957-ci ildə Bernis Uorden adlı mağaza işçisi ortalıqdan itdikdən sonra, Qeyn polisin diqqətini çəkir. Onun evində axtarış keçirilir və insanlar gördükləri mənzərədən və üfunət iyindən dəhşətə gəlirlər. Onlar Uordenin ayaqlarından asılmış başsız bədənini, həmçinin dəridən hazırlanmış kostyum, bədən hissələrindən hazırlanmış mebel və kəllələrdən düzəldilmiş sup kasaları aşkar edirlər.
Qeyn hər iki cinayəti etiraf etsə də, onların təsadüf nəticəsində baş verdiyini iddia edirdi. O digər cinayət işlərini rədd edərək, evində tapılmış digər insan hissələrini qəbirsanlıqdan götürdüyünü bildirib.
Ed Qeyn qalan həyatını psixiatrik xəstəxanada keçirib və 1984-cü ildə orada da dünyasını dəyişib.
Digər silsilə qatillərdən az cinayət törətməsinə baxmayaraq, Ed Qeynin həyatı “Psixo” (“Psycho”), “Texas qətliamı” ('The Texas Chainsaw Massacre”) və “Quzuların səssizliyi” ('The Silence of the Lambs') kimi filmlərin qəhramanlarının yaranmasına səbəb olub.
E.C.
www.oxu.az