Helen Van Winkle İnstaqramda 2 milyon təqibçisi olan 87 yaşlı qadındır.
Oxu.Az xəbər verir ki, o, ictimai mediaya nəvəsinin israrı sayəsində daxil olub.

Onun sosial şəbəkədə çimərlik geyimi ilə paylaşılan fotoşəkillərinə “1928-ci ildən bəri kişilərinizi əlinizdən alan qadın” sözləri yazılır.

Məşhur brendlərdən reklam təklifləri alan Winkle özünü belə ifadə edir:

“Özünə inam mənim üçün hər şey deməkdir. Mən həmişə belə olmuşam. Sizin haqqınızda kim nə düşünürsə-düşünsün, özünüzü olduğunuz kimi sevməlisiniz. Özünüzə ancaq bu şəkildə inana bilərsiniz”.


Əslində onun həyatı göründüyü qədər rəngarəng keçməyib. Həyat yoldaşını 35-ci evlilik ildönümündə yol qəzası nəticəsində itirib. 1999-cu ildə oğlu 46 yaşında xərçəngdən vəfat edib.


“İllərlə həyat yoldaşım və oğlumun ölümünü qəbul etməyə çalışdım. Qızım, 5 nəvəm, 3 nəticəm üçün mübarizə apardım. Özüm-özümdən sıxıldım, hər gün ağlayırdım. Sonda Baddie Winkle obrazını yaratdım və həyatımda yeni bir dövr açdım. Bu ağrılarla başqa cür mübarizə apara bilməzdim”, - deyə fenomen nənə bildirib.


Aytən Sadıqzadə
www.oxu.az