2026-cı ildə dünyada doğum nisbəti tarixdə ilk dəfə olaraq əhalinin təbii çoxalmasını təmin edən səviyyədən aşağı düşə bilər.
Oxu.Az-ın xəbərinə görə, professorlar Xesus Fernandes-Vilyaverde (Pensilvaniya Universiteti) və Patrik Norrik (Şimal-Qərb Universiteti) "Terra Incognita: The Economics of a Shrinking World" ("Terra İnkoqnita: Kiçilən dünyanın iqtisadiyyatı") adlı elmi işdə bu qənaətə gəliblər.
"2026-cı ildə, ehtimal ki, dünyada doğum nisbəti əhalinin çoxalmasını təmin edən səviyyədən aşağı düşəcək. Bu, indiyədək heç vaxt baş verməyib - nə müharibələr, nə də pandemiyalar zamanı", - deyə elmi işdə bildirilib.
Alimlərin hesablamalarına görə, hazırda qlobal doğum göstəricisi hər qadına təxminən 2,2 uşaq və ya daha aşağı səviyyədədir. Onlar qeyd ediblər ki, doğum nisbətinin azalması həm kasıb, həm də varlı ölkələrdə geniş şəkildə və sürətlə baş verir. Hətta əvvəllər yüksək doğum nisbətinin müşahidə olunduğu Saharadan cənubda yerləşən Afrika ölkələrində belə bu göstərici sürətlə azalır.
Fernandes-Vilyaverde və Norrik hesab edirlər ki, mövcud tendensiya davam edərsə, dünya əhalisi 2056-cı ilə qədər təxminən 9 milyard nəfərlə pik həddə çatacaq, bundan sonra isə "əvvəlcə yavaş, sonra sürətlə" azalmağa başlayacaq.