Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb.
Oxu.Az-ın məlumatına görə, “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli APA-Economics-ə bildirib ki, bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib:
“Yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib. Güclü sel suları palçıq, daş və ağac qırıntılarını yolun hərəkət hissəsinə doldurub. Dərhal əraziyə “Azəravtoyol” ASC-nin əməkdaşları və ağır texnikaları əraziyə cəlb edilərək yolun təmizlənməsi istiqamətində işlərə başlayıblar. Qısa müddət ərzində yolda hərəkət bərpa olunub”.
A.Nəcəfli əlavə edib ki, hazırda da ərazidə selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. “Nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə olunmur”, - deyə o qeyd edib.
14:00
Güclü sel İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, ötən gecədən başlayan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib.
Yağışdan sonra dağlardan gələn sel suları İsmayıllı rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb. Bu gün saat 13:30 radələrində sel suları İsmayıllı-Qəbələ yolunun 17-ci kilometrliyində, Qurban Əfəndi kəndi ərazisindən keçərək meşəyə doğru yönəlib.
Özü ilə daş parçaları və ağaclar gətirən sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün su yolun üstü ilə təxminən 0,5 metr hündürlükdə axır. Avtomobillər selin dayanmasını gözləyir. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı Yol İstismar İdarəsinin ağır texnikası cəlb olunub.
Z.Q.
www.oxu.az