Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Xpeng P7+": Dünyanın ilk süni intellektli avtomobili təqdim olundu
Çinin "Xpeng" avtomobil istehsalçısı yeni 2025-ci il "Xpeng P7+" kupe modelini təqdim edib. Bu avtomobil dünyanın ilk seriyalı istehsal olunan, təkmilləşdirilmiş süni intellekt sistemi ilə təchiz edilmiş elektrikli avtomobilidir.
"P7+" modelinin xarici görünüşü futuristik və zərifdir. Yuxarıda gündüz işıqları və aşağıda əsas faralarla bölünmüş optika avtomobilə unikal xarakter verir. Avtopilot funksiyasını həyata keçirmək üçün gövdəyə kameralar və radarlar quraşdırılıb. Avtomobil gümüşü, ağ, qara, bənövşəyi və bej daxil olmaqla beş rəngdə mövcuddur. Qabariti də insanda təsir qoyur - uzunluğu 5056 mm-dir ki, bu "P7+" modelini "Xpeng"in minik avtomobil xəttində ən böyüyü edir.
Modelin interyeri minimalizm və yüksək komfort səviyyəsi ilə fərqlənir. Salonun içərisində arxa sərnişinlər üçün əyləncə sistemi də daxil olmaqla üç ekran quraşdırılıb. Döşəmə ekoloji cəhətdən təmiz materiallardan hazırlanıb və oturacaqlar ventilyasiya, isitmə və masaj funksiyaları ilə təchiz edilib. Panoramlı dam və mərkəzi konsolda fiziki düymələrin olmaması xüsusi diqqətə layiqdir.
Modelin əsas xüsusiyyəti yeni "Xpeng AI Eagle Eye" avtopilot sistemidir. İstehsalçının iddiasına görə, bu sistem obyektlərin tanınmasını 40% yaxşılaşdırır və aşkaretmə məsafəsini 125% artırır. Avtomobil iki güc qurğusu variantı (245 və 313 at qüvvəsi) və 710 km-ə qədər yürüş məsafəsi ilə təklif olunur. Bu xüsusiyyətlərlə "Xpeng P7+" təkcə Çin deyil, həm də dünya elektrikli avtomobil istehsalçılarına meydan oxumağa hazırdır.