"Filmlərdən birində günlük rol oynamışdım, üç ay keçdi, qonorarım ödənilmədi. Məlum oldu ki, ödəmə film təhvil veriləndən sonra olmalıdır".
Oxu.Az xəbər verir ki, bunu "Report"a müsahibəsində rejissor, aktyor Namiq Ağayev deyib.
"Bu da o nəticəyə gəlir ki, Kino Agentliyinin film çəkməyi nisyə film çəkmək kimi bir şeydir. Yəni proses belə olmalı deyil, əslində.
Tutaq ki, biz postprodakşn mərhələsi üçün dəstək udmuşuq. Amma bu maliyyənin üç-dörd ay sonra köçmə ehtimalı var. Axı bu zaman aralığı tempi azaldır", - deyə o qeyd edib.
N.Ağayev əlavə edib ki, istənilən halda, bu, qeyri-operativlik yaradır və prosesi axsadır:
"Kinostudiya sakinləri" filmi üçün "Azərbaycanfilm" kinostudiyasının bayrağı lazımdır. Onun da xərci haradasa 300 manat edir. Yaxşı bəs necə olsun? 300 manatı mən öz cibimdən verə bilmirəm axı. Lap mən bir yana, heç kəs bunu etmir. Etməməlidir. Biz də məcbur oturub gözləyirik ki, pul nə vaxt köçəcək. Mahir Dərviş ayağından əməliyyat olunmalıdır, sırf bu çəkiliş üçün əməliyyatı təxirə salmışıq. Yəni istehsalçının, yaradıcı heyətin fərd olaraq vəziyyəti nəzərə alınmır. Bizdə bu şey heç vaxt olmayıb. Ən adi misal, rejissor futbolçu kimi formada qalmalıdır, davamlı işləməlidir".
Aktyor daha sonra deyib:
"Hüseyn Seyidzadəyə "Dəli Kür" kimi şedevrdən düz doqquz il sonra başqa film verdilər. Yəni kiminsə fərd olaraq psixoloji durumu, motivasiyası düşünülməyib. Bayaq dedim, "Azərbaycanfilm"in bayrağını mən düz üç aydır, gözləyirəm. Motivasiyadan düşürəm axı. İstəməsəm belə, düşürəm. Mən başqa bir layihə üzərində işləyirəm, nəticə etibarilə yayın bu istisində qalmışam aralıqda. Oraya qaç, buraya qaç, hazır bu biri layihəni başa vursam, arxayın digəri ilə məşğul olardım. Bütün bunları şikayət kimi demirəm, sadəcə, aşağı-yuxarı hamımız dostuq, tanışıq, istəyirəm ki, sistemin formatına bir baxılsın. Başqa tərəfdən, bu qədər şeyi deyirəm, deyirəm, axırda da düşünürəm, məsələn, "Yeddi oğul istərəm" kimi film çəkməmişəm ki, nəsə məsləhət verəm, durub mənə qulaq assınlar, nəzərə alsınlar".