ABŞ-yə məxsus "SpaceX" şirkəti rəsmi Varşavanın tələbindən sonra Polşanı yenidən "Starlink" terminallarının Avropa rouminq ərazisinə daxil edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Polşanın rəqəmsallaşdırma naziri Kşiştof Qavkovski "X" sosial şəbəkəsində paylaşıb.
"SpaceX" şirkəti göndərdiyim sorğunu cavablandırıb və bundan sonra polşalı istifadəçilərə digər Avropa dövlətlərinin vətəndaşlarından fərqli yanaşılmayacaq. Mənə təqdim edilən bəyanat tamamilə aydındır: Polşa "Starlink Roam"un Avropa daxilindəki əhatə zonasına bərpa olunacaq. Polşadan olan abunəçilərə qarşı heç bir əlavə məhdudiyyət tətbiq edilməyəcək", - deyə Kşiştof Qavkovski vurğulayıb.
Xatırladaq ki, bu günlərdə "SpaceX" şirkəti 30-dan artıq dövləti birləşdirən "Starlink" şəbəkəsinin Avropa regionundan Polşanı kənarlaşdırmışdı. Qurum atdığı bu addımın səbəblərini izah etməmişdi.
Baş vermiş hadisəyə reaksiya verən Polşanın xarici işlər naziri Radoslav Sikorski "SpaceX"in rəhbəri İlon Maska xəbərdarlıq edərək bildirmişdi ki, ölkəsi Avropa rabitə zonasına qaytarılmayacağı təqdirdə Varşava Ukraynaya verilən "Starlink" terminallarının xərclərini qarşılamaqdan imtina edəcək.